“Qəhrəman ola biləcəyin anda sıfıra enirsən” – “Qarabağ”la oyunda ən çox danışılan adam

21:20 Müsahibə 145
“Qəhrəman ola biləcəyin anda sıfıra enirsən” – “Qarabağ”la oyunda ən çox danışılan adam

Karim Rossi Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Şamaxı” matçının (3:1) qəhrəmanı ola bilərdi.

32-ci dəqiqədə komandasının bərabərlik topunu vuran isveçrəli forvard oyunun son saniyələrində penalti imkanını boşa verdi.

Halbuki,mümkün qol qarşılaşmanı əlavə dəqiqələrə daşıyacaqdı.

Matç başa çatandan sonra üzgün görünən Rossi Sportinfo.az-a müsahibəsində həm bu, həm də digər məqamlarla bağlı sualları cavablandırdı.

- Gedişatı bu şəkildə gözləyirdin?

- “Qarabağ”ın gücü barədə danışmaq artıqdır. Təkcə Çempionlar Liqasında yox, “Sabah”la sonuncu oyunda etdikləri inanılmaz idi. Bilirdik ki, lazım olanda və təzyiqi artıranda qollar vurmağı bacarır. İlk görüşdəki 2:1 hesabını qorumaq üçün yaxşı müdafiə olunmalı, ələ düşən fürsətləri dəyərləndirməliydik. İlk bir saatda çox güc itirdik və tədricən yorğunluq özünü göstərdi. “Qarabağ” isə əvəzetmələr hesabına sürəti artırmaqla qollar vurdu. Rəqib olmasına baxmayaraq, yarımfinala yüksəlməsi münasibəti ilə təbrik edirəm.

- Oyunun qəhrəmanı ola bilərdin...

- Bəli, bilərdim, amma ola bilmədim. Futbol belədir, bəzən qəhrəman ola biləcəyin anda sıfıra enirsən. Eybi yox.

- Oyunun həlledici anı – penaltini boşa verməyin idi. Halbuki “Neftçi” ilə 5 gün əvvəlki matçda son saniyədə topa yaxınlaşıb, penaltini qola çevirmişdin. Bu dəfə dəqiq oynamağına nə mane oldu? Bəlkə bu dəfə istək daha çox idi, yaxud “Qarabağ”ın adı həyəcan yaratdı?

- Hamı düşünür ki, topa güclü zərbə vurduğum üçün hədəfə düşmədim. Belə deyil. Əslində, hər şeyi düz etmişdim. Sadəcə topun aşağı hissəsindən vurduğuma görə havaya uçdu. Hər dəfə eyni nöqtəyə və eyni üslubda vurmaq olmur. Ona görə də fərqlilik etmək istədim. Penalti lotereyadır, 50 faiz sənin tərəfində olur, 50 faiz qapıçının. Qapıçı topu tutsaydı, bunu özüm üçün uğursuzluq kimi dəyərləndirərdim. Lakin burada söhbət topun aşağı hissəsindən vurmağımdan gedir. Şanssızlıq deyərdim.

- Baş məşqçinin və komanda yoldaşlarının reaksiyası necə oldu?

- Çox məyus idim. Sağ olsunlar, hamı məni dəstəklədi, dəstək nümayiş etdirdi. Hər iki oyunda “Qarabağ”ı gərginlik altında saxladıq, “Şamaxı”nın adını uca tutduq. Bundan sonra Premyer Liqaya baxmalıyıq.

- “Şamaxı” elitadakı yerini qorumaq tapşırığının öhdəsindən böyük ölçüdə gəlib. Maraqlıdır, bundan sonrakı motivasiyanız, yaxud hədəfiniz nə olacaq?

- Premyer Liqada qalmağımız hələ ki, dəqiqələşməyib. Düzdür, arada müəyyən qədər xal fərqi var. Lakin futbolda hər cür gözlənilməzliklər mümkündür. 3-4 turdan sonra bəlkə də dəqiqləşəcək. Həmin vaxt nəsə demək olar.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti