“Söyüş işlədirdi, bəzən təhqirə keçirdi” – “Neftçi”li başına gələnləri gizlətmədi

23 Fevral 2023 19:40 Müsahibə 1 508
“Söyüş işlədirdi, bəzən təhqirə keçirdi” – “Neftçi”li başına gələnləri gizlətmədi

“Neftçi” azarkeşlərinin indiyə qədər sevə-sevə xatırladığı adlardan biri də Slavço Georgievskidir.

Düzdür, o, ağ-qara formanı cəmi 2 il geyindi, sonradan 3 mövsüm “İnter”in uğurları üçün tər tökdü.

Komandada çıxış etdiyi dönəmdə əsas heyətin aparıcı üzvlərindən birinə çevrilməklə 2 dəfə çempionluq sevincini bayram etdi və ən əsası, fanatların sevgisini qazandı.

Slavçonun Azərbaycanı tərk etməsinin üstündən təxminən 8 il vaxt keçsə də, hər açıqlamasında, müsahibəsində ölkəmiz haqda ağızdolusu danışır, burada keçirdiyi illəri xoş xatirə kimi xatırlayır.

Futbolçu karyerasını başa vurandan sonra məşqçiliyə başlayan Georgievskinin Sportinfo.az-a müsahibəsini təqdim edirik.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/163697.html)

- 2012-ci ilin yayında səninlə yanaşı Rail Məlikov, Rauf Mehdiyev, Cavid Hüseynov, Ruslan Əmircanov, Ruslan Abışov, Rəşad Abdullayev, Denis Silva, Alessandro “Neftçi”dən ayrıldı və komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Həmin an hansı hisslər keçirdin?

- Bilirdim ki, həmin komanda uğur qazanacaq. Çünki təməl möhkəm qoyulmuşdu. Kollektivə Erik Ramos, Bruno Bertuççi, Culius Vobay, Nikolas Kanales, Mahir Şükürov, Rəşad Sadiqov kimi güclü və bacarıqlı futbolçular cəlb olunmuşdu. Yeni gələnlər komandaya güc qatdı və uğurun davamı gəldi. Sonrakı mərhələdə həmin komandanı qorumaq, gücünə güc qatmaq lazım idi. Nə oldu? “Neftçi” dağıldı, o cür heyətdən heç kim qalmadı.

- Kaxaber Tsxadadze ilə işləməyi hər futbolçu bacarmırdı. Yadımdadır, hətta gürcüstanlı futbolçular belə, zaman-zaman onunla kəllə-kəlləyə gəlirdi, münasibətlər korlanırdı. Sənin üçün necəydi?

- Razıyam, Kaxa kənardan sərt və çətin insan təsiri bağışlayırdı. Açığı, yaxından tanıyana kimi mən də o cür düşünürdüm. Amma “İnter”ə keçəndən sonra anladım ki, bu adamdan öyrənmək lazımdır. Taktiki baxımdan olduqca ağıllı məşqçidir, zəngin təcrübəsi var. Mənfi cəhəti oyun vaxtı əsəblərinə hakim ola bilməməsiydi. Mənim üçün Arif Əsədovla Kaxaber Tsxadadze məşqçi olaraq çox oxşardırlar. Sadəcə, Kaxada emosiyalar üzdədir, Əsədov özünü sıxmağı bacarır.

- Sözün çəp gəlirdi Tsxadadze ilə?

- Az qala hər gün (gülür). Məşqdə, yaxud oyunda mübahisə edirdik, oyun başa çatandan sonra gülüb-danışırdıq. Kaxada bəyənmədiyim cəhət dilindən çıxan sözlər idi. Söyüş işlədirdi, bəzən təhqirə keçirdi. Hər şeyin onun istədiyi kimi olmasını tələb edirdi. Amma bəzən elə olmur axı.

- Bəs, Böyükağa Hacıyev?

- Rəhmətlik maraqlı insan, güclü psixoloq idi. O, gücü daha çox futbolçularla danışmağa, motivasiya etməyə ayırırdı. Belə deyim, atmosferə işləyirdi, məşqlərdə rahat danışıb-gülürdük. Əsədovun dönəmində intizama daha çox diqqət ayrılırdı. Amma taktiki-texniki planda hər şey əvvəlki kimi idi. “Neftçi” 2010-cu ilin yayında Arif Əsədovun vaxtında sıfırdan yığılmışdı və ilk ildəcə çempion olmuşduq. Böyükağa Hacıyev gələndən sonra nə heyətdə ciddi dəyişiklik oldu, nə də oyun planında. Məsəl var, hazır maşını oturub sürmək. Hacıyev də belə etdi. Sadəcə dəyişən məşqçilərin adı idi.

-Azərbaycanda qarşılaşdığın maraqlı hadisələrdən ən çox yadında hansı(lar) qalıb?

- Belə şeyləri saymaqla qurtarmaz. 5 il az vaxt deyil. Sadəcə yada salmaq lazımdır. Bəziləri də var ki, mətbuata, ictimaiyyətə danışmaq olmur. Ən çox sevdiyim və unutmadığım qalib gəldiyimiz oyunlarda sonrakı məclislər idi.

- Hansı məclislər?

- Udan kimi Ruslan Əmircanovla birgə meyxanaya gedirdik. Məclisdə deyişmələr olurdu, mənim üçün də tərcümə edirdilər, ləzzət alırdım. Ordakı ab-hava xoşuma gəlirdi. Amma bunlar aramızda qalırdı, heç kimə danışmırdıq. Eh, danışdıqca yadıma düşür, təsirlənirəm. Gözəl günlər idi.

- Bəs, maraqlı hadisə?

- (bir qədər fikirləşəndən sonra) Bir dəfə toplanışa gedirdik. Adını çəkməyəcəm, futbolçu yoldaşlarımızdan biri deyəsən təyyarəyə ilk dəfə minirdi. Hamı bir-biri ilə danışır, yeməyə nə veriləcəyini soruşurdu. Bu dostumuz da maraqlananda ona makaron, kotlet, toyuq filesi kimi yeməklərin təklif olunduğunu dedik. Bu yeməkləri bəyənmədi. Təkrar olaraq “başqa nə var” soruşanda, ona yaxşı kababların verildiyini dedik. O da inandı. Stüardessa gəlib hansı yeməyi istədiyini soruşanda, bu, uca səslə “kabab” dedi (qəhqəhə çəkir). Həmin an göyərtədə bir səs-küy qopdu ki, gəl görəsən.

- Keçmiş komanda yoldaşlarınla, klubda çalışanlarla əlaqən qalıb?

- Əlbəttə. Fərəc Əliyev, Səbuhi Səfiyarlı, Rail Məlikov, Arif Daşdəmirov, Asif Məmmədov, Arif Əsədov – bu və adlarını çəkmədiyim digər yoldaşlarla ara-sıra yazışırıq, təbrikləşirik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti