“Neftçi”yə ürəyimi verdim, səbəbsiz yerə göndərildim” - Olanları “Sportinfo”ya açıqladı

22 Fevral 2023 20:00 Müsahibə 1 674
“Neftçi”yə ürəyimi verdim, səbəbsiz yerə göndərildim” - Olanları “Sportinfo”ya açıqladı

“Neftçi” azarkeşlərinin indiyə qədər sevə-sevə xatırladığı adlardan biri də Slavço Georgievskidir.

Düzdür, o, ağ-qara formanı cəmi 2 il geyindi, sonradan 3 mövsüm “İnter”in uğurları üçün tər tökdü.

Komandada çıxış etdiyi dönəmdə əsas heyətin aparıcı üzvlərindən birinə çevrilməklə 2 dəfə çempionluq sevincini bayram etdi və ən əsası, fanatların sevgisini qazandı.

Slavçonun Azərbaycanı tərk etməsinin üstündən təxminən 8 il vaxt keçsə də, hər açıqlamasında, müsahibəsində ölkəmiz haqda ağızdolusu danışır, burada keçirdiyi illəri xoş xatirə kimi xatırlayır.

Futbolçu karyerasını başa vurandan sonra məşqçiliyə başlayan Georgievskinin Sportinfo.az-a müsahibəsini təqdim edirik.

- Şimali Makedoniyanın elitasında mübarizə aparan “Skopye”nin baş məşqçisisiz. Baxdım, komandanız sonuncu pillədə yer alıb.

- Elədir. Maddi baxımdan ciddi problemlərimiz var. Çempionata başlayan kimi sponsor pul xərcləməkdən imtina etdi. Bundan sonra problemlər baş qaldırdı, aparıcı futbolçular kollektivi tərk etdi. İndi gənclərlə yavaş-yavaş yuxarı qalxmaq istəyirik. Son 2 matçdan 4 xalla ayrıldıq. Çalışacağıq davamını gətirək.

- Baş məşqçi işləmək futbol oynamaqdan çətindir yəqin.

- Bunları müqayisə etməyə dəyməz. Arada çox böyük fərq var. Futbolçu olanda heç nəyin dərdini çəkmirdik. Məşqə çıxıb tapşırıqları yerinə yetirirdik, oyunda qələbə qazanmaq üçün çalışırdıq. İndi o boyda kollektivi düşünürük, hər kəslə maraqlanırıq, məşq planı hazırlayırıq, oyunları təhlil edirik. İş çoxdur, çox. Heyf deyildi futbol oynamaq (gülür).

- Futbolçu dövrünü düşünəndə yəqin ki, ağlına ilk olaraq Azərbaycandakı günlərin gəlir.

- Az qala hər gün Azərbaycanı xatırlayıram. Saytlar və sosial şəbəkələr vasitəsi ilə Premyer Liqanın nəticələrini diqqətdə saxlayıram, bəzən oyunların icmalına baxıram. Heyətdə kimlərin oymaması, turnir cədvəlindəki yerdəyişmələr və sair. Özüm Makedoniyada olsam da, bir gözüm Azərbaycandadır.

- 2 il “Neftçi”də, 3 il “İnter”də. Daha çox hansını yada salırsan?

- (gülür) “Neftçi” mənim üçün ilk sevgidir, amma “İnter”i də unuda bilmirəm. Çünki orada da gözəl günlərimiz olub. “Neftçi” Azərbaycan futbolu üçün brenddir, böyük dəyərdir. Uzun illərdən sonra azarkeşlərimizə çempionluq bəxş etdik, növbəti il yenə çempion olduq. Karyeramda titul baxımından ən uğurlu komandadır “Neftçi”. Ona görə də həyatımda xüsusi yeri var. Sizə bir söz deyim?

- Buyurun.

- Bu gün Makedoniyada olsam da, mən Azərbaycandan ayrılmamışam. Bir gün mütləq qayıdacam. Buna 100 faiz əmin ola bilərsiz.

- “Neftçi”ylə “İnter”in müqayisəsində “ağ-qaralar”ın sizin üçün daha düşərli və uğurlu olduğunu dediz. Maraqlıdır, maddi planda hansı sərfəli idi?

- Pul xərclənir, amma dəyər xərclənmir. Mənim üçün önəmli olan gördüyüm münasibət, mənə verilən dəyərdir. Ola bilər ki, getdiyin klubda böyük pullar qazanarsan, amma səni qiymətləndirən olmaz. Və ya əksinə, az maaş alarsan, səni əllərində gəzdirərlər. Ona görə də heç vaxt pul barədə düşünməmişəm.

- Orası məlumdur. Bilmək istədiyim “Neftçi”də, yoxsa “İnter”də daha çox qazanmağındır.

- Aşağı-yuxarı ikisində də eyni müqavilə idi. Ciddi fərq yox idi.

- “Neftçi” ilə ardıcıl 2 il çempion oldun və günlərin birində komandaya lazım olmadığını eşitdin. Nə baş verdi?

- Bu sualın cavabını hələ də tapa bilmirəm. Çempionatda “Neftçi”nin heyətində ən çox oyun keçirən futbolçu idim. Əsas heyətdə yer alırdım, qol vurudum, qol ötürmələri verirdim. Bir də eşitdim ki, komandaya lazım deyiləm. Səbəbini bəzi adamlar yaxşı bilir. Açığı, kənarlaşdırılmağıma o qədər də üzülmədim. Çünki ağ-qara formanı geydiyim müddətdə komandam üçün ürəyimi vermişdim. Və ən əsası, “Neftçi”dən ayrılsam da, azarkeşlər hələ də məni sevir, adımı çağırırdı.

- Komandadan ayrılmağını Böyükağa Hacıyev istəmişdi?

- Yox-yox. “Neftçi”ylə müqavilə bağladığım vaxt “götürək, yoxsa götürməyək” deyə tərəddüd edən adamlar var idi. Amma o vaxtkı baş məşqçimiz Arif Əsədovla klub prezidenti Sadıq Sadıqov komandada olmağımı istəyirdi. İlk ildə olmasa da, növbəti ildə həmin şəxslərin istəyi həyata keçdi. Bu işdə rəhmətlik Böyükağa Hacıyevin rolunun olduğuna inanmıram.

- Kim idi onlar?

- Ad çəkmək istəmirəm. Müsahibəni oxuyanda özləri biləcək.

- Son 10 ildə “Neftçi” cəmi bir dəfə çempion olmağı bacarıb. Yəqin ki, xəbərin var.

- Əlbəttə, var. Dedim axı, Azərbaycan çempionatını yaxından izləyirəm, nəticələrlə maraqlanıram. Və gördüyüm mənzərəyə üzülürəm.

- 2012-ci ilin yayında səninlə yanaşı Rail Məlikov, Rauf Mehdiyev, Cavid Hüseynov, Ruslan Əmircanov, Ruslan Abışov, Rəşad Abdullayev, Denis Silva, Alessandro “Neftçi”dən ayrıldı və komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Həmin an hansı hisslər keçirdin?

- (davamı olacaq)

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”