Türkiyə mətbuatı "Kayserispor"un baş məşqçisi Robert Prosineçkinin mövsüm bitdikdən sonra yığmamızın sükanı arxasına keçəcəyini yazıb.
Azərbaycan KİV-inə istinadən…
Bildirilir ki, Super Liqa klubunun maddi cəhətdən durumunun yaxşı olmaması xorvatiyalı mütəxəssisin ayrılmaq qərarını şərtləndirib.
Prosineçki hazırkı durumda "Kayserispor"la uğur qazana bilməyəcəyini başa düşür. Həmçinin maliyyə problemi ilə üzləşən Anadolu təmsilçisi də onun gedişinə mane olmayacaq.
Hələ ötən ilin oktyabrında Prosineçki ilə ilk təması quran AFFA rəhbərliyinin budəfəki təklifi çalışdırıcının ürəyincə olub. 51 yaşlı mütəxəssis Türkiyədə mövsüm bitdikdən sonra Bakıya gəlməyi müsbət cavablandırıb.
Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib. Nikola Yurçeviçin istefasından sonra boş qalan posta 6 namizədin - Canni De Byazi, Abdullah Avcı, Ərsun Yanal, Luici Di Byaco, Çezare Prandelli və Eusebio Di Françeskonun adı hallanırdı.
AFFA-nın yenidən balkanlı çalışdırıcıyla maraqlanmasını və danışıqları bərpa etməsi xəbərini Sportinfo.az aprelin 18-də yazıb (https://www.sportinfo.az/idman_xeberleri/milli_komanda/82434.html).
Türkiyəli həmkarlarımızın məlumatın mənbəyini saytımızdan götürməsi ortadadır. Sadəcə, biz tərəflərin hər mənada anlaşdığını və Prosineçkinin 100 faiz geri dönəcəyini iddia etməmişik.
Hələ deyilən vaxta xeyli var və irəlidə çox şey baş verə, hadisələrin inkişaf traektoriyası dəyişə bilər. Böyük ölçüdə «iplər» neftin qiymətindən asılıdır.
«Qara qızıl» hər gün dünya birjasında dəyər itirir, bu isə SOCAR-dan asılı AFFA-nın maliyyə dayaqlarının zəifləməsi deməkdir. Yaxın 1 ayda neftin barelinin qiyməti 25-30-dan yuxarı qalxmasa, federasiya xarici baş məşqçi istəyini reallaşdırsın.

