AFFA millidə kimi görmək istədiyini müəyyənləşdirdi

18 Aprel 2020 21:00 Milli komanda 1 753
AFFA millidə kimi görmək istədiyini müəyyənləşdirdi

Milliyə yeni baş məşqçi axtarışlarını davam etdirən AFFA üzünü yenidən Robert Prosineçkiyə çevirib.

Sportinfo.az-ın məlumatına görə, müqavilə şərtlərində Abdullah Avcının razılığını almağa çətinlik çəkən federasiya növbəti dəfə xorvatiyalı baş məşqçi ilə təmas qurub.

Balkanlı mütəxəssis 5 aydır ki, Türkiyədə çalışır. Onun sükanı arxasında olduğu «Kayserispor» Super Liqanı tərk etməyə əsas namizədlərdən biridir. Anadolu təmsilçisi 26 turdan sonra 22 xalla turnir cədvəlinin son – 18-ci pilləsində əqrarlaşıb.

Kayserililərin maliyyə durumu çox pisdir. Rəhbərliyi tez-tez dəyişən klubun bu kimi problemləri düzəlmək bilmir.

Bir çox futbolçular müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsini əsas gətirərək, düşərgəni tərk edib və FİFA-ya şikayət məktubu göndərib. Burada ödəmələrin 2-3 ay yubanması adət halını alıb. Bu da Prosineçkinin yayda Türkiyədən ayrılması ehtimalını gücləndirib.

Xorvatiyalının buna kimi son iş yeri 2018-ci ildən çalışdırdığı Bosniya və Herseqovina yığması olub. 2014-2017-ci illər aralığında Azərbaycan millisinin başında dayanan 51 yaşlı mütəxəssis 2012/13 mövsümündə isə məhz “Kayserispor”a rəhbərlik edib.

AFFA-dan redaksiyamıza daxil olan məlumata görə, Prosineçki Azərbaycana qayıtmaq variantına artıq ehtiyatla yanaşmır. Təklifə münasibəti müsbətdir. Sadəcə, danışıqların konkretləşməsini iyula saxlayıb.

Bu müddətdə gündəmdəki başqa məsələlərə tam aydınlıq gəlməlidir. Söhbət koronavirus pandemiyasının uzanıb-uzanmamasından və bununla əlaqədar Super Liqanın taleyi ilə bağlı Türkiyə Futbol Federasiyasının verəcəyi qərardan gedir.

AFFA Prosineçkini bura qaytarmaq ariantının üzərində ötən ilin iyunundan işləyir. Millinin Bakıda Macarıstan və Slovakiyaya biabırçı hesabla uduzmasından sonra. Həmin vaxt dönməyə razılıq versəydi, federasiya onun həmyerlisi Nikola Yurçeviçi vaxtından xeyli əvvəl istefaya yollayacaqdı.

AFFA bir də oktyabr ayında Prosineçki ilə danışıqları bərpa edib. Demək olar ki, anlaşma əldə olunmuşdu. Hər şey hazır idi: son anda o, AFFA rəhbərliyinin təyin etdiyi vaxtda Bakıya gəlməkdən boyun qaçırdı, digər tərəfdən yeni şərt irəli sürdü.

Bildirdi ki, işə başlayan kimi Rəşad Sadıqovu milliyə qaytaracaq və ondan oynayan məşqçi kimi yararlanacaq. Bu da AFFA mənsublarına xoş gəlmədi və beləcə, görüşmələr yarımçıq dayandırıldı.

İndi isə federasiyanın Rəşad Sadıqovla bağlı problemi qalmayıb: icraçı vitse-prezident və baş katib Elxan Məmmədov son aylarda bir neçə dəfə onunla görüşüb və münasibətlər xeyli yaxşılaşıb.

AFFA hər hansı səviyyədə Sadıqovun xidmətindən yararlanmaq niyyətindədir və Prosineçkinin qayıdışı bu prosesi sürətləndirə bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti