“Niyə uduzduq” sualını verənlərə nə cavabımız var?

11:40 Milli komanda 138
“Niyə uduzduq” sualını verənlərə nə cavabımız var?

Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalını 84-cü pillədə başa vurdu.

Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv 83-cü yer uğrunda Əfqanıstan ilə qarşılaşdı və əsas vaxtı 3:3 hesabı ilə yekunlaşdı. Penaltilər seriyasında isə əfqanlar daha dəqiq oldu - 3:2.

AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanmışdıqй.

Yığma Timor-Lesteyə 6:0, Andorraya 1:0, İsrailə 3:1 qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da komandamız qrupu 9 xalla üçüncü pillədə başa vurub.

Kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) daha əvvəl keçirdiyi görüşlərdə Çili (1:3), Vyetnam (2:4) yığmalarına uduzub, Cəbəllütariq (5:1) və Mozambikə (4:1) isə qalib gəlib.

«Neftçi», «Qarabağ», «Sabah» və «Ulduz» - millimizin tərkibi onlardan təşkil olunub. Bu heyət təsadüfi şəkildə formalaşmayıb.

Seçim prosesi aparılıb, müxtəlif klublarda çıxış edən futbolçular izlənilib və öz keyfiyyətləri, oyun göstəriciləri və potensialı ilə fərqlənən oyunçular arasından heyət müəyyənləşdirilib.

Bu, Azərbaycan U-15 futbolunun həmin yaş qrupunda seçilən, diqqət çəkən futbolçularının bir araya gətirildiyi heyətdir.

Deməli, məsələ yalnız 14 futbolçunun bir turnirdə göstərdiyi nəticə deyil. Məsələ bütövlükdə həmin yaş qrupunda futbolçuların necə yetişdirilməsi, klublarda hansı şəraitdə hazırlanması və beynəlxalq rəqabətə nə dərəcədə hazır olmasıdır.

Ən asan iş kənardan dayanıb tənqid etməkdir. Ən çətin iş isə bu uşaqların inkişafı üçün real töhfə vermək, meydançada, məşq prosesində, infrastrukturda, təhsildə və futbol mühitində nəyisə dəyişməkdir.

Bu gün “niyə uduzduq?” sualını verənlər qədər, “bu uşaqların sabah daha yaxşı futbolçu olması üçün mən nə edə bilərəm?” sualını verənlərə də ehtiyacımız var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol