"İdmanla bağlı layihələrin icrası Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir"

10 May 18:40 Maraqlı 97
"İdmanla bağlı layihələrin icrası Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir"

"Bu gün ölkəmizdə həm idmanın inkişafı, həm də gənclərlə bağlı çoxsaylı layihələrin icrası vaxtilə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclərlə iş sahəsindəki siyasətin nəticəsidir.

Məhz Ulu Öndər hakimiyyətə gəldiyi ilk illərdən başlayaraq, bu sahədə həyata keçirilmiş islahatlar, qəbul edilmiş qərarlar, eləcə də çoxsaylı fərman və sərəncamlar sonrakı illərdə Azərbaycanı bütün dünyada tanınan idman ölkəsinə, gənclər siyasətini isə geniş hərəkata çevirib".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətlərinin əvəzsiz olduğunu deyən deputat bildirib ki, məhz bu istiqamətdə görülmüş işlər çərçivəsində 1994-cü ildə respublikanın idman və gənclər həyatında dönüş ili adlandırılacaq hadisə baş verib. Həmin il Azərbaycanda Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb.

M.Cəfərovun sözlərinə görə, Ulu Öndərin idmanın inkişafı üçün uzaqgörənliklə söylədiyi bütün fikirlər, xüsusən də Azərbaycanda idmanın, bədən tərbiyəsinin getdikcə kütləvi xarakter alacağına və gələcəkdə hər bir vətəndaşın yaşından asılı olmayaraq, idmanla məşğul olacağına olan inamı sonrakı illərdə gənclər siyasəti sahəsində öz əksini tapmağa başlayıb: "Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi dövrdə idmançılarımız iki dəfə – 1996-cı ildə Atlanta və 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarında iştirak edərək vətənə müxtəlif əyarlı medallarla qayıtdılar. Heydər Əliyevin təşəbbüsü ilə idman sahəsində infrastrukturun qurulması və maddi-texniki bazanın müasirləşdirilməsi üçün 2000-ci ildən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı".

Deputat bildirib ki, idmanın inkişafı ilə yanaşı, gənclər sahəsinə də xüsusi diqqət edən ümummilli lider Heydər Əliyev ölkədə gedən bütün proseslərdə gəncləri irəli çəkib: "O, müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin etmişdi. Təsadüfi deyil ki, Ümummilli Liderin “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” sözləri bu gün devizə çevrilib. Ulu öndərin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edib. Onun göstərişi ilə 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülüb. Bir il sonra - 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan Gənclərinin I Forumu təşkil edilib".

M.Cəfərov qeyd edib ki, Ümummilli Liderin 1997-ci il fevralın 1-də imzaladığı Sərəncam gənclərlə bağlı ən mühüm və yaddaqalan addım olub. Məhz bu fərmanla “Azərbaycan gəncləri günü” təsis edilib və hər il 2 fevral tarixini müxtəlif qurumlar, xüsusən də ölkə gəncləri əlamətdar gün kimi qeyd edirlər: "Ümumiyyətlə Ulu Öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas priotetlərindən hesab edib. Məhz Ümummilli Liderin respublikaya rəhbərlik etdiyi dövrlərdə gənclər mərkəzləri, hərbi məktəblər açılıb, minlərlə azərbaycanlı gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil alıb, müasir ixtisaslara yiyələnib".

Deputat vurğulayıb ki, Heydər Əliyevin istiqamət verdiyi siyasət bu gün ölkədə gənclər işinin çox düzgün formada həyata keçirilməsinə imkan yaradıb: "Bu gün Prezident İlham Əliyevin bu sahədə həmin siyasətin davamı olaraq, lakin müasir dövrün çağırışlarına uyğunlaşdırmaqla gerçəkləşdirdiyi çoxsaylı təşəbbüslər, ölkəmizin son illərdə ev sahibliyi etdiyi idman tədbirləri, eləcə də idmançılarımızın nüfuzlu yarışlarda qazandıqları nailiyyətlər Azərbaycanı bütün dünyada idman ölkəsi kimi tanıdıb".

Digər Xəbərlər
Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi
26 May 22:40 Qurbanov lazım deyil?