Ölkəmizin istedadlı, yaraşıqlı, bacarıqlı oğlanı Mahir Emreli “Konyaspor”un “Ümraniyespor”la oyunundan sonra kamera önünə keçərək matçla ilgili düşüncelerini dile getirmiş.
Oy, çaşdım. Oyunla bağlı fikirlərini dilə gətirib.
Son ilyarımda Polşa-Xorvatiya-Türkiyə reysi ilə Konyaya qədər gedib çıxan dostumuz 90 dəqiqə ilə bağlı düşüncələrini bölüşərkən Türk dilində danışmağı üstün tutub:
“Adaletli oldu her iki takım için de. (ıııı ıııı) Özellikle matçın sonları dediyiniz gibi daha (öhö), daha böyle güzel geçti diyelim. Bol gollü oldu. Burdan 3 puanla dönmek istiyorduk, kısmet olmadı (eee öhö). En azından son dakika goluyle matçı kurtara bilirdik. Düşünüyorum ki, sevinmeliyiz, çünki eee...”
Fikirlərini Azərbaycan yox, Türk dilində izah etməyə çalışan futbolçumuz əlifbadakı bütün hərfləri uzadaraq ara-sıra boğazında qalan digər sözləri çıxarmaq üçün öskürəyə yer verib.
Türk qardaşlarımızın Mahirin nə demək istədiyini anlayıb-anlamadığını dəqiq deyə bilmərəm. Amma biz onu anlayırıq. Çünki bu gün Azərbaycanın yarısı türkçə qonuşmağa çalışır. Heç kim Türk qardaşlarımızı Azərbaycanca anlamağa dəvət etmək istəmir.
Mahir, ııı, Allah sənə “Konyaspor” karyeranda güc-qüvvət versin. Eee, o dərəcədə parlaq oyun göstərəsən ki, hər matçdan sonra jurnalistlər başına yığılsın, ööö, açıqlama-müsahibə üçün növbə yaransın.
Amma fikirlərini izah etmək üçün Türk dilinin anasını ağlatmağa gərək yoxdur. Başa düşürəm, “Qarabağ”dan ayrılandan sonra karyeran “ııı”larla “eee”lər kimidir. Bir yerə kimi gedirsən, pauza yaranır, sonra yenə gedirsən və yenə dayanırsan. Ööö...
Gələn dəfə qarşında mikrofon, yaxud diktofon görəndə Azərbaycan dilində danış. İnan ki, elədə səni daha yaxşı anlayacaqlar. Çünki ana dilində fikirlərini daha səlis ifadə edə bilirsən. Bir də ki, biz türk qardaşlarımızın dilini başa düşdüyümüz kimi, onlar da Azərbaycan dilini anlayır.
Əksinə, dilimiz onlara şirin gəlir. Eee...
İii, Mahir, bilirəm, belə yazıları oxuyanda küsüb-inciyirsən, tərsini edirsən. Amma gərək yoxdur. Sən Həbib abinin sözünə qulaq asıb dediyi kimi et, açıqlamanı Azərbaycan dilində ver. Sonra da otur qulaq as. Gör nə gözəl alınacaq. Iıı...
HƏBİB