Portuqaliyada təqaüd yaşı – Santuşa göndərmə

13 İyun 16:40 Köşə 279
Portuqaliyada təqaüd yaşı – Santuşa göndərmə

Portuqaliya millisi ilə Avropa çempionluğunu bayram edən Fernando Santuş illərlə yığdığı nüfuzunu ölkəmizdə xərcləməklə məşğuldur.

Əslində bura gələnə qədər özünü “Beşiktaş”ın “sükanı” arxasında biabır etməyə imkan tapmışdı. İndi isə o boyda ad-soyadı sözün əsl mənasında məhv etməkdədir.

Millinin nəticələrinə görə demirəm. Onsuz da müstəqillik tarixində yığmamızın nəticələri göz oxşamayıb. Daim eyni hədəf uğrunda mübarizə aparmışıq – qrup sonuncusu olmamaq.

Ötən il 70 yaşınnı qeyd edən qoca ətbuat konfranslarında verdiyi açıqlamalarla özünü gülünc vəziyyətə salır. Öz aləmində sudan quru çıxmağa çalışır, yeni nəsə kəşf etdiyini göstərir. Daha bilmir ki, biz bu nağılları rəhmətlik Karlos Alberto Torresin dönəmindən bu yana eşidə-eşidə gəlirik.

“Millidə inkişaf var, futbolçular meydanda can qoyur, bu komanda ilə yaxşı nəticələr qazanmaq olar” – ey Avropa çempionu, bu yalanlara ən yaxşı halda Azərbaycan futbolundan xəbərsiz nəvələrin inanar. Azərbaycanlılar dünyanın dörd bir yanında ona-buna “do gəlir”, sizin təklif etdiyiniz “re” bizim üçün keçərli deyil.

Macarıstanla oyundan sonrakı mətbuat konfransında həmkarımın Portuqaliyada təqaüd yaşı ilə bağlı sual Santuşun xoşuna gəlməyib. Futbolla əlaqəli sual olmadığını deyərək cavablandırmaqdan boyun qaçırıb.

Fernando baba, internet dövrüdür, qaynaqlar sağ olsun, bir kliklə istənilən xəbəri öyrənə bilirik.

2024-cü ilin noyabrındakı rəsmi məlumata əsasən, 2025-ci ildə Portuqaliyada pensiya yaşının 66 yaş 7 ay olacağı barədə anons verilib. Bu məbləğ hər il 65 yaşda gözlənilən orta ömür uzunluğuna əsasən düzəldilir və əvvəlki illə müqayisədə 3 ay artır. 2026-cı ildə pensiya yaşı 66 yaş 10 aya yüksələcək.

Hə, demək ki, siz ölkənizdə faktiki təqaüdçüsüz. Digər ölkələr də sizi “pensioner” kimi qəbul edir deyə, yaxın duran yoxdur.

Azərbaycan millisini nə Berti Foqts düzəldə bildi, nə Robert Prosineçki, nə Nikola Yurçeviç, nə də Canni de Byazi. Siz də yaralı barmağa su tökənə oxşamırsınız.

Gözdən uzaq ölkədə boş-boş nağıllar danışıb özünüzü güldürüncə, nəvələrinizi başınıza yığıb onlara nəql edin. İnanın, onlar üçün daha maraqlı və əyləncəli olacaqsız.

HƏBİB

Xəbər Lenti