Siçan deşiyi axtaran fenomenlər

26 Noyabr 2024 23:40 Köşə 4 124
Siçan deşiyi axtaran fenomenlər

Azərbaycan millisinin şərəfini qoruyan şərəfli futbolçulardan bəhs edirəm.

Vay o günə ki, millinin heyətində hansısa biri qolu vura, qolun ötürməsini verə, ya da möcüzə sayəsində qələbəyə sevinə.

Vəssalam, gözlərimizdən alov çıxacaq sosial şəbəkələrdəki paylaşımlarına baxmaqdan. Biri “+3 points” yazacaq, o biri vurduğu qolun videosunu 50 rakursdan paylaşacaq, bir başqası etdiyi paylaşıma yazılan şərhləri həvəslə gözləyəcək. Sözün əsl mənasında fenomen obrazı yaradacaq.

Udanda, xal qazananda qabaqlarında dayanmaq olmur. Sosial şəbəkələrdəki fəallıqları bir tərəfə, qolları bədənlərinə yaxın gəlmir e.

Siz bir də onlara uduzulan matçdan sonra baxın. Siçan deşiyi olsa, sizi inandırım, imkan tapıb ora da girərlər. Adamlar rəsmən yoxa çıxırlar, gizlənirlər.

0:6-dan sonra bir-bir Stokholm faciəsinin səbəbkarlarının “instagram” səhifəsinə göz gəzdirdim. Ki, baxım nə yazıblar, nə paylaşıblar, hansı formada üzr istəyiblər.

Ay-hay, nəsə tapdımsa. Klublarında bir neçə gün və həftələr öncəki sevinc dolu paylaşımlardan başqa rastıma heç nə çıxmadı. Heç elə bil ki, Azərbaycan yığması oynamayıb, estonlarla bərabərə qalıb, isveçlilərdən 6 top buraxan bunlar olmayıb.

Futbol oynaya bilməməkləri cəhənnəm. Deyək ki, bunun səbəbkarı illərdir ölkə futbolunu uçuruma sürükləyən AFFA rəhbərliyidir. Bəs, adicə etiket qaydası? Bəs, sosial şəbəkə fəallığı? Bəs, üzrxahlıq?

Onu etmirlər, etməzlər də. Çünki qınağı qəbul etmirlər. Əmindirlər ki, qınaq olacaq, tənqid və təhqir yağacaq. Sevilməyi sevirlər, tənqidklə barışmırlar. Ona görə də böyüyə bilmirlər.

HƏBİB

Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var