İbrahimoviçi məyus etdi, indi Bakıdan xəbər gözləyir

17 May 2020 21:20 Şamaxı 675
İbrahimoviçi məyus etdi, indi Bakıdan xəbər gözləyir

“Keşlə”nin qapıçısı Stanislav Namaşko Moldova Futbol Federasiyasının saytına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, o, yığmadakı rekordu ilə yanaşı, pandemiya dönəmində günləri necə keçirməsindən və“Keşlə” ilə bağlı planlarından söz açıb.

- Moldova Futbol Federasiyasının saytında millimizin qapıçıları haqda məqalə mənim üçün xoş sürpriz oldu. Bilirdim ki, Moldova yığmasında 45 matç keçirmişəm. Ancaq heç vaxt ağlıma gəlməzdi ki, bu göstəricidə qapıçılar arasında lider hesab olunuram. Vurulan qolları saymıram. 14 qolsuz oyun - bu mənim üçün daha bir yeni və xoş statistik informasiyadı. Məlumdu ki, rekordlar qırılmaq üçündü. Ancaq onunla fəxr edirəm ki, hazırda reytinqdə 1-ci pillədəyəm.

- Yığmada keçirdiyin 45 oyundan hansı daha çox yadında qalıb?
- AÇ-2008-in seçmə mərhələsi çərçivəsində 2007-ci il noyabrın 17-də “Zimbru” stadionunda Macarıstana qarşı keçirilən matçı deyə bilərəm. Həmin görüşlə bağlı xoş xatirələrim var. Çox adam bilmir ki, adım əvvəlcədən həmin qarşılaşmanın iştirak ərizəsinə salınmamışdı. Hətta Şimali İrlandiya ilə ilə oyuna hazırlaşan U-21-in də heyətində yox idim. Məzuniyyətimin ikinci günü idi. Mənə zəng vurub dedilər ki, U-21-in məşqində iştirak etməliyəm. Hətta onu da bildirdilər ki, məşq zamanı heyətə cəlb olunan iki qapıçıdan heç biri zədələnməsə, komandada qalmayacaqsan. Gözlənilmədən əsas komandanın baş məşqçisi mənimlə əlaqə saxladı və düşərgəyə dəvət etdi. Axşam artıq yığmanın çalışdırıcısı İqor Dobrovolski ilə söhbət edirdim. O məndən macarlarla oyuna hazır olub-olmadığımı soruşdu. Matça 11 saat qalmış heyətə salındım. Sevincdən göyün yeddinci qatındaydım. Həmin vaxt milli komandada olan futbolçuların çoxunu tanımırdım. Onların da əksəriyyəti mənim adımı da bilmirdilər. Bu inanılmaz, heç vaxt yaddan çıxmayan hadisə idi. Həmin gün komanda fantastik oyun sərgilədi və biz 3:0 hesabıyla qalib gəldik. Əsas komandanın oyunundan sonra mən U-21-ə dəvət aldım. Səfərə yollansam da, ehtiyatda qaldım.

- Sən həm də millidə penalti qaytarmaq üzrə rekordçusan. Qaytardığın 3 penaltidən biri Zlatan İbrahimoviçin payına düşür. Ermənistanla qarşılaşmada isə 2 dəfə bunu bacarmısan.
- Daha bir yaddaqalan qarşılaşmadı. Ərazi üstünlüyü oyunboyu ermənilərin tərəfində oldu. Onlar topla daha yaxşı rəftar edirdilər. Biz isə daha çox intizamlı oyuna üstünlük verirdik və yaxaladığımız qol şanslarından yararlandıq. Qarşılaşmanın hakimi olan gürcü qapımıza iki penalti təyin etdi. Birincidə zərbənin istiqamətini müəyyənləşdirdim və topu geri qaytardım. İkincidə də istiqaməti düz tapmışdım, ancaq bilmirəm, topa tuxuna bildim, ya yox. Həmin vaxt top tirə dəyib geri qayıtmışdı.

- Pandemiya dönəmində nə iş görürsüz?
- Həyat yoldaşım və 2 övladımla birgə Tiraspoldayam. Günə saatyarımlıq məşqlə başlayıram. Bundan başqa, hər gün komanda ilə birlikdə onlayn hazırlıqda iştirak edirəm. Qalan vaxtımı isə ailəmlə keçirirəm. Evdə çoxlu iş olur. Buna inanmaq çətindi. Ancaq mən son iki ayda nə bir film izləmişəm, nə də seriala baxmışam. Rok və hevi-metal janrlarını sevməyimə baxmayaraq, hətta musiqiyə qulaq asmağa belə vaxtım yoxdu.

- Azərbaycan çempionatında vəziyyət necədi?
- Çempionatın bərpa olub-olmayacağı hələ bilinmir. Hər şey hökumətin qərarından asılıdı. Əvvəlcə ölkədə mayın 4-dək karantin rejimi elan olunsa da, sonradan müddəti 31-dək uzatdılar. "Keşlə" hazırda "Qarabağ" və "Neftçi"dən sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 4-cü sıradakı "Sumqayıt"ı isə 7 xal qabaqlayırıq. Avropa Liqasına vəsiqə qazanmaq üçün əla şansımız var. İstənilən an Azərbaycana qayıtmağa və komandaya qoşulmağa hazıram. Kişinyovdakı Azərbaycan səfirliyi ilə əlaqə saxlamışam. Bütün lazımi sənədləri hazırlayıb Azərbaycan vətəndaşları üçün Bakıya çarter reysinin təşkil olunmasını gözləyirəm.

- Azərbaycan klubu ilə müqavilənin müddəti nə vaxt başa çatır?
- İyunun 31-də. Pandemiya səbəbindən hələlik rəhbərliklə müqavilənin uzadılması barədə danışmamışam. Açığı, "Keşlə"də oynamağa davam etmək istərdim. Buna görə də ümid edirəm ki, mənə yeni müqavilə təklif olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi