"Final matçından sonra onunla bağlı qərar veriləcək" - Sənan Qurbanov

8 May 2021 21:15 Şamaxı 1 057
"Final matçından sonra onunla bağlı qərar veriləcək" - Sənan Qurbanov

"Oyuna nəzarət tam olaraq bizdə idi. Amma qol imkanlarından istifadə edə bilmədik. Halbuki məşqlərdə bunun üzərində işləmişdik. Tapşırıqları yerinə yetirdiklərinə görə futbolçularımı təbrik edirəm".

Bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVI tur oyunundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, üstünlük komandasının tərəfində olsa da, qələbəni qonaqlar qazanıblar: "Futbolda belə hallar olur. Gərək, futbolçular üzülməsinlər. Düzdür, yaxşı oynadığın matçdakı məğlubiyyəti başa düşmək çətindir. Amma artıq bu görüşü unutmalıyıq. Qarşıda daha 2 oyunumuz var. Eyni zamanda, kubokun finalındayıq. Bunlar bizim üçün çox önəmli matçlardır. Bütün futbolçuları psixoloji cəhətdən oyuna hazırlamağa çalışacağıq".

Qurbanov birinci hissədəki top itkilərinin oyunlarına mənfi təsir etdiyini söyləyib: "Qapımız qarşısında təhlükəli əks-hücumlar gördük. Daha çox meydanın rəqibə aid hissəsində oynadığımızdan mümkün qədər uzun paslardan istifadə etməməyə çalışırdıq. İkinci hissədə isə topa daha çox sahib olduq. Abanqın əvəzlənməsini səhv qərar hesab etmirəm".

Baş məşqçinin sözlərinə görə, komandası mövsümü titulla başa vura bilər: "Bunun üçün pozitiv olmalı, oyunumuzdan həzz almalıyıq. Həmçinin səhvləri aradan qaldırmaq üçün onların üzərində işləmək lazımdır".

Mütəxəssis Sezar Meza Kollinin "Neftçi" ilə anlaşmasına dair çıxan xəbərlərə də aydınlıq gətirib: "Meza Kolli bacarıqlı futbolçudur. Ona təklif gəlməsi normaldır. Amma hazırda bizimlə müqaviləsi davam edir. Finalda da "Keşlə" ilə birlikdə olacaq. Yalnız həmin matçın final fitindən sonra onunla bağlı qərar veriləcək. Başqa istedadlı oyunçularımıza da təklif ola bilər. Həmin futbolçuları komandada saxlamağa çalışacağıq. Hələlik real vəziyyət budur".

Qurbanov "Sumqayıt"a qarşı keçirəcəkləri Azərbaycan kubokunun final matçına da toxunub: "Rəqib yaxşı komandadır. Bunu hamımız bilirik. Bugünkü görüş bizim üçün də yaxşı material oldu. Final matçında bir-birimizə qarşı planlarımız olacaq" (Report).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu