Tərlan Əhmədovun möhtəşəm futbol əsərinə kölgə salan TƏK QÜSUR

18 Mart 2023 23:00 Kəpəz 1 579
Tərlan Əhmədovun möhtəşəm futbol əsərinə kölgə salan TƏK QÜSUR

Mario Mustapiç - “Kəpəz”ə gələnə kimi 6 ay klubsuz qalmalı olmuşdu. Və meydana çıxdığı heç bir oyunu səhvsiz keçirməyib. Elə “Neftçi” ilə son oyunda (2:2) 2 qol onun ucubatından buraxıldı.

Abdulla Rzayev – “Kəpəz”ə qədər Premyer Liqada cəmi 72 dəqiqə oynamaq imkanı olmuşdu.

Elçin Əlicanov – Tərlan Əhmədov bu mövsüm şans verməyə başlayana kimi çətin ki, kimsə onu tanıyardı.

Yusif Nəbiyev – Birvaxtlar böyük gələcək vəd edirdi. Amma son illər kölgədə qalmışdı. “Sumqayıt” və “Qəbələ”də gününü keçirirdi.

İdiris İnqilablı – İki ildən çoxdur rəsmi oyun nədi bilmirdi. Zədə səbəbindən.

Tural Rzayev – Ötən yaya kimi gününü divizionda keçirirdi. Bəlkə də futbolu atmağa hazırlaşırdı.

Martins Junior – Karyerası demək olar Braziliyada həvəskar klublarda keçib. Litvada legioner həyatı yaşadığı bir mövsümdə isə “Fabrunqas Plunqe”də cəmi 2 rəsmi oyun keçirib.

Və bu səviyyədə futbolçular ilə “Kəpəz” dünən “Baksel Arena”da “Neftçi”yə qarşı şou göstərirdi - 2:2.

Əmin olun ki, yuxarıda adı sadalanan oyunçular səviyyəsində bircə futbolçu heç “Neftçi”nin ehtiyat skamiyasında yoxdur.

Amma həmin futbolçular 90 dəqiqə güclü rəqibinə futbolun necə oynamaq lazım olduğunu göstərdi.

Təbii ki, bunun səbəbkarı baş məşqçi Tərlan Əhmədovdur.

Adamın sanki sehrli çubuğu var. Vallah-billah bu səviyyədə oyunçularla belə futbol, sadəcə fantastikadır.

Tərəfli-tərəfsiz dünən hər kəs qərb təmsilçisinin çıxışından həzz aldı.

Pressinq desən vardı, sürətli əks-hücum desən vardı, mövqe hücumu desən vardı.

Bir sözlə, futbol adına xoş sayılacaq hər şey dünən “Kəpəz”in ifasında göz qamaşdırırdı.

Regekampfın yetirmələri bərbad oyunla qazandıqları 1 xala görə rəqib qolkiperə minnətdar olmalıdır.

Tərlan Əhmədov isə böyük məşqçi olması ilə bundan sonra da öyünə bilər. Həqiqətən, adamda Azərbaycan futboluna damğasını vura biləcək məşçi potensialı var.

Təəssüf ki, ətrafında baş verən söz-sözhbətlər buna imkan vermir / verməyəcək!

Bu, onun ortaya qoyduğu əla futbol əsərinin tək qüsurudur. Həm də böyük qüsur.

Bundan isə itirən tək özü yox, həm də Azərbaycan futboludur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti