Belçika millisinin sabiq hücumçusu Divok Origi “Milan”da keçirdiyi dövr və komandadan kənarlaşdırılması barədə danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Milan klubunun baş məsləhətçisi Zlatan İbrahimoviçin qərarı ilə əsas komandadan uzaqlaşdırılması və klubda yaşadığı çətinliklərlə bağlı bunu deyib:
“27 yaşım var idi və “Liverpul”dakı dövrüm başa çatmışdı. Yeni sınaq istəyirdim, rahatlıq zonamdan kənara çıxmaq arzusunda idim.
Paolo Maldini məni komandada görmək istəyirdi və mənə həqiqətən inanırdı. Lakin “Milan”a gələndə zədəli idim və ən yaxşı formada deyildim.
Zlatan İbrahimoviçin qərarını şəxsi qəbul etmirəm, bu, peşəkar qərar idi. Əlbəttə, bundan məmnun deyildim, amma artıq keçmişdə qalıb.
İbrahimoviç əfsanə olaraq qalır. Paolo Maldininin gedişindən sonra əsas komandadan kənarlaşdırıldım və digər oyunçularla məşq etməyimə icazə verilmədi.
Hadisələrin gedişatından razı deyildim. Həmin dövrdə fərdi şəkildə məşq edirdim.
İnsan təkcə gözəl anlardan deyil, ağrılı anlardan da dərs alır. Başımıza gələn hər şey həyat dərsidir”.
Origi ilə “Milan” arasında müqaviləyə 2026-cı il yanvarın 1-də qarşılıqlı razılıq əsasında xitam verilib.
