Azərbaycan millisinin Millətlər Liqasında keçirdiyi növbəti mövsüm başa çatdı. Yığmamız son turda səfərdə Lixtenşteynə qalib gələrək D Liqasının ikinci qrupunu lider kimi tamamladı.
İlk növbədə, qələbə münasibətilə futbolçuları, baş məşqçi heyətini və bütün komandanı təbrik edirik.
Oyuna gəlincə, qrup mərhələsində Litva səfərində qeydə alınan heç-heçəni müəyyən qədər başadüşülən hesab etmək olardı. Litva son dövrlər heç də pis təsir bağışlamır. Milli komandada inkişafın əlamətləri hiss olunur.
Amma Lixtenşteynlə Bakıda keçirilən oyunda qolsuz heç-heçə bağışlanmaz idi. Çünki Lixtenşteyn hazırda dünya reytinqinin sonuncu pillələrində qərarlaşan komandadır. Üstəlik, Bakıdakı görüşdən sonra rəqibin baş məşqçisi heyətlərində cəmi iki peşəkar futbolçunun olduğunu bildirmişdi. Yəni, əsasən yarımhəvəskar futbolçulardan təşkil olunmuş belə bir komandaya qarşı qol vura bilməmək millimiz adına ciddi uğursuzluq idi.
Ümid edirdik ki, səfər görüşündə böyükhesablı qələbə qazanmaqla Bakıdakı nəticənin təsadüf olduğunu sübut edəcəyik. Əslində, əvvəlki illərdə də Lixtenşteynlə oyunlarda uğursuz nəticələrlə üzləşmişik. 1998-ci ildə səfərdə 1:2 hesabı ilə məğlub olmuş, 1999-cu ildə Bakıda 4:0 hesablı qələbə qazanmaqla həmin məğlubiyyətin əvəzini çıxmışdıq. Sonrakı illərdə Bakıda qolsuz heç-heçə qeydə alınsa da, səfərdə 2:0 hesablı qələbə ilə uğursuzluğun əvəzini çıxmağı bacarmışdıq.
Düzdür, bu dəfə də komandamız səfərdə qalib gəldi. Ancaq cəmi 1:0 hesabı ilə. Açığı, mən daha yaxşı futbol və daha böyükhesablı qələbə gözləyirdim.
İlk növbədə, start heyəti təəccüb doğurdu. Belə ki, Ayxan Abbasov hücum potensialı olan futbolçulardan demək olar, yalnız Mahir Emreliyə əsas heyətdə yer vermişdi. Digər oyunçuların əksəriyyəti daha çox müdafiə keyfiyyətləri ilə seçilən futbolçular idi. Bu seçim bir qədər təəccüblü görünürdü. Halbuki Bakıda daha çox hücumameyilli komanda görmüşdük. Həmin vaxt Ayxan Abbasov da hücum potensialı olan bütün futbolçuları meydana buraxdığını bildirmişdi.
Görünən o idi ki, Bakıdakı ilk oyundan sonra futbolçularda müəyyən təlaş yaranmışdı. Yenidən büdrəmək qorxusu hiss olunurdu. Buna görə də maksimum ehtiyatlı oyuna üstünlük verildi. Əsas prioritet qələbə qazanmaq idi və komanda da istəyinə minimal hesabla çatdı.
Amma start heyəti ilə yanaşı, əvəzetmələrin azlığı da təəccüb doğurdu. Ayxan Abbasov 90 dəqiqə ərzində cəmi iki dəyişiklik etdi. 62-ci dəqiqədə Rüfət Abdullazadə Oruc Məmmədovu əvəzlədi. Halbuki Litva ilə oyunun yaxşılarından olan Oruc bu dəfə heç də yaxşı təsir bağışlamadı.
Digər əvəzetmə isə 89-cu dəqiqədə reallaşdı. Zədədən yeni qayıdan Xəyal Əliyev Toralı əvəzlədi. Xəyal oyuna yaxşı qoşuldu, fəallığı ilə seçildi və fərqlənməyə də yaxın oldu. Sadəcə, son anda qapıçı rəqib komandanı xilas etdi.
Düşünürəm ki, əvəzetmələrə daha erkən müraciət etmək olardı. Xüsusilə də qol vura bilmədiyimiz bir qarşılaşmada Musa Qurbanlı və Ağadadaş Salyanski kimi hücumçuların sona qədər ehtiyatda qalması da qəribə idi.
Ümumilikdə, qol epizodları baxımından ciddi kasadlıq yaşamadıq. Rəqib qapısına 30 zərbə vurduq. Bunların 11-i çərçivəyə düşdü. Ancaq hücumçularımızın qeyri-dəqiqliyini də qeyd etməliyik. Yaratdığımız imkanları qola çevirə bilmədik.
Bununla belə, həmin epizodların əksəriyyəti kombinasiyalı hücumların nəticəsində yaranmırdı. Daha çox standart vəziyyətlərdən təhlükə yaradırdıq.
Oyunun ilk dəqiqələrindən görünürdü ki, Ayxan Abbasov cinah oyunçularına maksimum çox cərimə meydançasına asma etmək tapşırıqları verib. Bunun nəticəsində cərimə meydançasında müəyyən qarışıqlıq yaratmaq və qol fürsətləri əldə etmək mümkün olurdu.
Toralın zərbəsindən sonra topun dirəyə dəyməsi də belə epizodlardan biri idi. Rəqib müdafiəçilərin səhvlərindən yararlanmaq imkanımız oldu. Qapıçının da yaxşı seyvlərini gördük.
Ancaq bütün bunlara baxmayaraq, 180 dəqiqə ərzində, əlavə vaxtları da nəzərə alsaq, təxminən 200 dəqiqəlik oyun müddətində Lixtenşteyn kimi rəqibə cəmi bir qol vurmaq heç də xoş mənzərə deyil.
Futbolçuların fərdi performansına gəlincə, ən yaxşımız yenə Mahir Emreli idi. Rəqiblərini geridə qoymağı bacarır, oyunu üzərinə götürməkdən çəkinmir, daim top qəbul etmək üçün komanda yoldaşlarına açılırdı. Hətta 90-cı dəqiqədə geri qayıdaraq rəqibin təhlükəli hücumlarından birinin qarşısını aldı. Müdafiə işində də komandasına kömək edirdi.
Toral bir neçə uzaq məsafədən zərbəsi ilə diqqət çəkdi. Müdafiə xəttində isə xüsusi olaraq Bədavi Hüseynovu qeyd etməliyik. Yaşına baxmayaraq, yenə komandanın ən yaxşılarından biri idi.
Rüfət Abbasov cinahda fəal görünürdü. Ancaq "Neftçi"dəki Rüfəti görə bilmədik. Bunda sol cinahda ona lazımi dəstəyin verilməməsinin də müəyyən rolu var idi. Xaybullayev isə özünə bənzəmirdi. Belə bir rəqiblə qarşılaşmada bir neçə kritik top itkisinə yol verdi.
Rahil Məmmədovun da top itkiləri diqqətdən yayınmadı. Bir epizodda rəqib futbolçu onu çox asanlıqla keçdi. Bəxtimiz onda gətirdi ki, zərbə qeyri-dəqiq alındı. Əks halda, bəlkə də indi qələbədən yox, növbəti xal itkisindən danışırdıq.
Bəs bu oyun bizə nə verdi? Əslində, əsas sual budur.
Artıq növbəti Millətlər Liqası mövsümündə D Liqası olmayacaq. Qrupda lider olub-olmamağımızdan asılı olmayaraq, yığmamız növbəti dəfə C Liqasında mübarizə aparacaq. Bununla belə, D Liqasının ən yaxşı komandası olmaqla AVRO-2028-in pley-off mərhələsinə vəsiqə qazanmaq şansımız da var idi. Həmin şans hələ də qalır, amma artıq hər şey özümüzdən asılı deyil.
Bu gün Malta Cəbəllütariqlə üz-üzə gələcək. Ümid edəcəyik ki, Cəbəllütariq rəqibini büdrədəcək. Hazırda Maltanın 7, millimizin isə 8 xalı var. Ancaq heç-heçə də bizə sərf etmir. Çünki top fərqində üstünlüyümüz yoxdur. Halbuki Lixtenşteynlə səfər oyununda 1:0 yox, daha böyükhesablı qələbə qazanmaqla bu üstünlüyü özümüz üçün təmin edə bilərdik. Təəssüf ki, komandamız minimal hesablı qələbə ilə kifayətləndi.
Açığı, məni narahat edən məqamlardan biri də oyunun son dəqiqələrində futbolçularımızın vaxt öldürməyə çalışması oldu. Mahir Emreli künc bayrağının yanında vaxt udmağa cəhd edirdi. Bəlkə də baş məşqçinin son dəqiqələrdə etdiyi əvəzetmələr də vaxt qazanmağa hesablanmışdı. Ancaq bunu anlamaqda çətinlik çəkdim.
Axı qarşımızda Lixtenşteyn kimi rəqib var idi. Topa demək olar ki, 90 dəqiqə ərzində biz nəzarət edirdik. Rəqib daha çox müdafiə olunmaqla məşğul idi. Top Lixtenşteyn futbolçularına keçəndə isə onlar əksər hallarda nə edəcəklərini bilmirdilər, kor-koranə şəkildə topu irəli vurmaqla kifayətlənirdilər.
Belə bir vəziyyətdə fərqi artırmaq, daha böyükhesablı qələbə qazanmaq üçün əlimizdə yaxşı fürsət var idi. Ancaq futbolçularımız son dəqiqələrdə üstünlüyü artırmaq əvəzinə, vaxtı öldürməyə və sadəcə 1:0 hesabını qorumağa çalışırdılar. Məncə, bu yanaşma da kifayət qədər anlaşılmaz idi.
Ümumən, millimizin qrup liderliyini təmin etməsi müsbət nəticədir. Amma Lixtenşteynlə iki oyunun yekununda ortaya qoyulan futbol, vurulan cəmi bir qol və səfərdəki minimal hesablı qələbə ciddi suallar doğurur. Nəticə var, lakin bu nəticənin arxasında bizi arxayınlaşdıracaq səviyyədə oyun görmədik.
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ
