“Qarabağ”lı millidə, “Neftçi”li kənarda – “Heç nə dəyişməyəcək”

19:40 Hadisə 67
“Qarabağ”lı millidə, “Neftçi”li kənarda – “Heç nə dəyişməyəcək”

Yayda “Qarabağ”la müqavilə bağlayan və qısa müddətdə komandasının əsas futbolçularından birinə çevrilən Bense Varkonyi Macarıstan millisinə mütəmadi dəvət alır.

Buna qədər vətənində çıxış etsə də, əsas yığmanın qapıları üzünə bağlı idi.

“Neftçi”li Alen Şkribek də Azərbaycanda özünü yaxşı tərəfdən göstərməkdədir. Vacib qollar vurur, qol ötürmələri verir, di gəl, Macarıstan seçməsindən kənarda qalır.

Halbuki Varkonyidən fərqli olaraq, Şkribek ölkəsinin U-16, U-17, U-18, U-19 və U-21millilərinin heyətində şans qazandığı 21 qarşılaşmada 4 qol vurub, 3 məhsuldar ötürmənin müəllifi olub.

Alen üzləşdiyi vəziyyətə, gördüyü münasibətə görə qətiyyən narahat deyil. Hər halda özü belə deyir.

“Ağ-qaralar”ın “11 nömrə”si Sportinfo.az-ın milli mövzusundakı sualını dərindən ah çəkəndən sonra bu cür cavablandırıb:

“Açığı, milli komanda mövzusuna ciddi önəm vermirəm. Yəni “niyə məni dəvət etmədilər” sualı ilə yaşamıram. Bəlkə də əvvəl bunu düşünürdüm, artıq yox.

Bütün diqqətimi özümə, karyerama və “Neftçi”yə yönəltmişəm.

Əlbəttə, hər bir futbolçu yığma formasını geyinməyi arzulayır. Niyə çağırılmadığımı deyə bilmərəm.

Mən öz işimi görürəm. Gələcəkdə nə olacağını zaman göstərəcək. Dəvət alsam, məmnuniyyətlə şanlı formanı geyinərəm. Olmasa da, heç nə dəyişməyəcək”.

25 yaşlı futbolçu “Neftçi”nin heyətində meydana çıxdığı 11 matçda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti