“Şamaxı”nın qapıçısı Rikardo Fernandes Azərbaycanda üçüncü ilini keçirir.
İnamlı oyunu diqqət çəkən portuqaliyalı qapıçı geridə qalan müddətdə iddialı klubların diqqətini çəkməyi bacarsa da, heç biri “Şamaxı”ya təzminat ödəmək istəməyib.
Bölgə təmsilçisi ilə müqaviləsinin müddəti mayda başa çatacaq kapitanın bundan sonra imkanlı klublardan hansısa biri ilə müqavilə bağlayacağı mümkünsüz olmasa da, çətin görünür. Çünki Rikardo artıq 33 yaşın içindədir.
Maraqlıdır ki, səbəbkar yaşınaa görə narahat deyil, əksinə, bunu özü üçün üstünlük sayır. Və nə vaxtsa iddiası yüksək olan klubla anlaşacağına inanır.
Fernandesin mövzu ilə bağlı Sportinfo.az-a verdiyi açıqlamada “Sabah”ın qapıçısını nümunə göstərib:
“Buna görə qətiyyən narahat deyiləm. Karyeram hələ irəlidədir.
Bundan sonra azı 6-7 il oynamağı düşünürəm. 32 yaş qapıçılar üçün ən yaxşı dönəmdir.
“Sabah”ın qapıçısına baxın (Stas Pokatilov – H.), 34 yaşı var, kapitandır, Çempionlar Liqasında qapını qoruyur, milli komandaya dəvət alır.
Əminəm ki, daha bir neçə il bu səviyyədə oynayacaq. Dünya futbolunda yaşı 30-dan yuxarı olan qapıçıların milyonlarla avrolar qarşılığında bir komandadan digərinə keçdiyini görmüşük.
Yaş sadəcə rəqəmlərdən ibarətdir. Önəmli olan insanın daxildə özünü necə hiss etməsi və fiziki formasını qorumasıdır.
Bu baxımdan özümü rahat hiss edirəm. Mənim üçün əsas olan budur”.
Rikardo Fernandes “şirlər”in heyətində bütün turnirlərdə meydana çıxdığı 80 oyunda qapısından 104 top buraxıb, 23 görüşdə “quru seriya”ya nail olub. 12 dəfə sarı vərəqə ilə cəzalanıb.
HƏBİB
