Region Liqasında çıxış edən Qazaxın “Göyəzən” klubu ev oyunlarını doğma rayonda deyil, Tovuzda keçirmək məcburiyyətində qalıb. Bunun səbəbi isə kifayət qədər düşündürücüdür.
Qazaxın mərkəzi stadionu Həmkarlar İttifaqının balansındadır. Adıçəkilən qurum da “Göyəzən”in burada ev oyunlarını keçirməsi üçün klubdan icarə haqqı tələb edir.
Hüquqi cəhətdən hər şey qaydasında görünə bilər, bəs bunun mənəvi tərəfi?
Bu baxımdan başverənlər qətiyyən normal yanaşma deyil.
Söhbət hansısa kommersiya məqsədli layihədən, yaxud böyük maliyyə imkanlarına malik peşəkar klubdan getmir.
Söhbət sponsoru olmayan, məhdud imkanlarla fəaliyyət göstərən, çətinliklə ayaqda qalmağa çalışan Qazaxın yeganə futbol klubundan gedir.
Belə bir vəziyyətdə klubdan icarə haqqı tələb etmək nə dərəcədə məntiqlidir?
Əksinə, Həmkarlar İttifaqı bu komandaya dəstək olmalı, onun doğma rayonda oynaması üçün bütün imkanları yaratmalıdır.
Stadionun qapıları Qazaxın klubunun üzünə bağlanmamalı, əksinə, onun üçün açıq olmalıdır.
Axı söhbət təkcə futbol oyunundan getmir. Söhbət bir rayonun futbol ənənəsindən, azarkeşlərindən, uşaqların sevimli komandalarını doğma meydanda izləmək imkanından gedir. Şəhərin klubuna sahib çıxmaq lazımdır. Xüsusilə də belə çətin günlərdə...
Bu məqamda Həmkarlar İttifaqınından fərqli olaraq, “Turan Tovuz” rəhbərliyinə xüsusi təşəkkür düşür.
Məhz "Turan" rəhbərliyi Qazax təmsilçisinə belə gündə tam dəstək göstərməklə yadda qalıb.
Qonşu rayonun komandasına qucaq açmaq, onun oyunlarını Tovuzda keçirməsinə şərait yaratmaq təqdirəlayiq addımdır.
Özü də bir qəpik pul almadan.
Sevindirici olduğu qədər də çox ağır mənzərədir.
Qazax Həmkarlar İttifaqının etməli olduğu işi Tovuz təmsilçisi öz üzərinə götürüb.
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ
