Azərbaycan millisinin qələbəsindən sonra da baş məşqçi Ayxan Abbasov ətrafında müzakirələr səngimir. Qələbəyə rəğmən baş məşqçi tənqid olunur, hətta bəzən həddi aşaraq təhqirə yol verənlər də var. Onun millidən getməsini istəyənlər az deyil.
Gəlin, bir qədər geriyə qayıdaq və görək, Ayxan Abbasov milliyə hansı şərtlər altında gəldi, hansı şərtlər altında fəaliyyətini davam etdirir? Ondan nə gözlənilirdi, nə edə bildi və hazırda nə verir?
İlk növbədə onu qeyd edək ki, Ayxan Abbasov Fernandu Santuşun Estoniyaya məğlub olaraq D Liqasına saldığı milliyə baş məşqçi təyin olundu.
Təxminən iki ilə yaxın müddətdə qələbə qazana bilməyən, Haiti və Belarus kimi rəqiblərə də doğma meydanda uduzan komandaya gəldi. Özü də çox çətin dönəmdə.
Fernandu Santuşla səfərdə İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra portuqaliyalı mütəxəssis istefaya göndərilmişdi. Qarşıda isə Ukrayna və Fransa ilə son dərəcə ağır oyunlar var idi. Xüsusilə də əvvəlki mərhələdə yaşadığımız acı nəticələrin təkrarlanması təhlükəsi mövcud idi. Hər məşqçi belə bir məqamda məsuliyyəti üzərinə götürmək istəməzdi. Ayxan Abbasovun təyinatı Ukrayna ilə oyuna cəmi 48 saat qalmış rəsmiləşdi.
Qısa müddətdə komandaya təsir etmək, onu toparlamaq asan deyildi. Buna baxmayaraq, Ukraynadan bir xal almaq mümkün oldu. Səfərdə Ukrayna və Fransa ilə qarşılaşmalarda da millimiz əvvəlki kimi tamamilə aciz görünmədi. Ən azı, faciəvi nəticələrdən qaçmağı bacardı. Bütün bunları nəzərə alsaq, seçmə mərhələni qismən qənaətbəxş nəticələrlə başa vurduğumuzu demək olar.
Üstəlik, Ayxan Abbasov ciddi heyət problemləri ilə də üzləşdi. Hazırda ölkənin ən yaxşı yerli futbolçularından hesab olunan Elvin Cəfərquliyev və Bəhlul Mustafazadə uzunmüddətli zədələr səbəbindən sıradan çıxdılar.
Bir məqamı da unutmayaq: hazırkı milli komandamız son illərin ən zəif heyətlərindən birinə malikdir. Futbolçularımızın keyfiyyəti hər ötən gün aşağı düşür, səviyyəli yerli oyunçuların sayı isə azalır.
Rəqəmlərə diqqət yetirək. Premyer Liqada ilk dördlükdə qərarlaşan “Sabah”, “Qarabağ”, “Neftçi” və “Turan Tovuz” arxada qalan 11 turda ümumilikdə 74 qol vurub. Həmin qolların yalnız ikisində Azərbaycan futbolunun yetirmələrinin imzası var. Musa Qurbanlı və Rüfət Abbasov hərəyə bir dəfə fərqləniblər. Qalan qolların hamısı əcnəbi futbolçuların hesabına yazılıb.
Ayxan Abbasov belə bir futbol mühitindən formalaşan milli komandanı qəbul edib. Ondan hansı nəticələri gözləməli idik?
Qarşıdakı əsas hədəf Millətlər Liqasında D Liqasından C Liqasına yüksəlmək idi. Lakin sonradan məlum oldu ki, növbəti mövsümdən D Liqası ləğv ediləcək və orada mübarizə aparan bütün komandalar C Liqasına yüksələcəklər. Bununla belə, Ayxan Abbasovun rəhbərlik etdiyi milli D Liqasının ikinci qrupunu lider kimi başa vurmağı bacardı. Yəni qarşıya qoyulan missiyanı yerinə yetirdi.
Bəs belə olan halda Ayxan Abbasovdan narazılığın səbəbi nədir? Biz gecə-gündüz millinin baş məşqçi postuna yerli mütəxəssisin gətirilməsini istəmirdikmi? Nəhayət, həmin postda yerli məşqçi var. Üstəlik, mövcud imkanlar daxilində müəyyən nəticələr də əldə olunub. Bəs daha nə etməli idi?
Təbii ki, Ayxan Abbasov səhvsiz deyil. Mən də zaman-zaman onun bəzi qərarlarını tənqid etmişəm. Xüsusilə heyət seçimində kənardan ən azı mübahisəli görünən məqamlar var. Millətlər Liqasındakı bəzi oyunlarda seçimləri və taktiki yanaşması suallar doğurub. Məsələn, sonuncu Lixtenşteynlə görüşdə daha hücumameyilli futbol sərgiləmək, ön xətt oyunçularından daha çox istifadə etmək mümkün idi.
Bununla yanaşı, baş məşqçinin qalmaqallı açıqlamalarını da unutmayaq. Bəzən mətbuatla, bəzən isə ayrı-ayrı futbolçularla münasibətdə seçdiyi ifadələr milli komandanın baş məşqçisinə yaraşmır. Belə yanaşma doğru deyil və zamanla dəyişməlidir.
Ancaq səhvləri göstərmək, tənqid etmək başqa şeydir, bütün problemlərin səbəbkarı kimi yalnız Ayxan Abbasovu təqdim etmək tamam başqa. Elə təsəvvür yaradılır ki, baş məşqçi getsə, milli komandamızdakı bütün problemlər öz-özünə həll olunacaq. Halbuki reallıq bundan xeyli fərqlidir.
Mənim fikrimcə, hazırkı mərhələdə milli komandada yerli baş məşqçi ilə yola davam etmək lazımdır. Bu gün həmin mütəxəssisin Ayxan Abbasov, sabah Samir Abbasov, yaxud Elmar Baxşıyev olması fikrimi dəyişmir. Söhbət konkret bir məşqçinin müdafiəsindən yox, yerli mütəxəssisə işləmək və komanda qurmaq üçün imkan verilməsindən gedir.
Əsas problem baş məşqçidə deyil, milli komandanın futbolçu potensialındadır. Ayxan Abbasovun da üzərində işləməli olduğu məqamlar var. O, həm heyət seçimində, həm taktiki yanaşmasında, həm də ictimaiyyətlə ünsiyyətində daha diqqətli olmalıdır. Çünki bəzən ona yönələn aqressiyanın və narazılığın səbəblərindən biri məhz bu qərarlar və açıqlamalardır.
Ancaq gəlin, əsas problemləri də unutmayaq. Bu gün müzakirə etməli olduğumuz məsələ Ayxan Abbasovun qalıb-qalmaması deyil. 17-19 yaşlı futbolçularımızın beynəlxalq arenada ardıcıl darmadağınlarla üzləşməsi, uşaq və gənclər futbolunun vəziyyəti daha ciddi narahatlıq doğurmalıdır.
Həm biz, həm AFFA, həm də azarkeşlər klublardan akademiyalara daha çox diqqət ayrılmasını, yerli futbolçulara şans verilməsini və onların inkişafı üçün real addımlar atılmasını tələb etməliyik. Çünki sabah milli komandanın formasını geyinəcək futbolçular məhz bu gün akademiyalarda yetişirlər.
Baş məşqçiləri dəyişməklə futbolumuzdakı problemləri həll edə bilməyəcəyik. Əgər milli komandaya layiqli futbolçu yetişdirə bilmiriksə, kənardan gətirilən istənilən mütəxəssisdən möcüzə gözləmək də doğru deyil. Ayxan Abbasovun səhvlərini tənqid edək, amma futbolumuzun gələcəyini müəyyənləşdirən daha böyük problemləri də gündəmdən çıxarmayaq.
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ
