“Qarabağ”, “Sabah” və “Neftçi”nin “məhsul”u niyə “zay”dır?

09:40 Milli komanda 141
“Qarabağ”, “Sabah” və “Neftçi”nin “məhsul”u niyə “zay”dır?

Azərbaycan futbolunun ən böyük problemlərindən biri aşağı yaş qruplarında sistemli hazırlığın olmamasıdır.

Futbolçuların fiziki, texniki, taktiki və psixoloji inkişafı vahid metodologiya əsasında aparılmır.

Bir çox akademiyada futbolçunun qidalanması, bərpası, yuxu rejimi, antropometrik göstəriciləri, fiziki inkişaf dinamikası və fərdi məşq proqramları lazımi səviyyədə idarə olunmur.

Bəzi klublarda futbolçuların gündəlik qidalanması belə ciddi problem olaraq qalır. Vitamin və mineral təminatı, fizioloji monitorinq, idman elmi və elmi əsaslandırılmış fiziki hazırlıq proqramları sistemin ayrılmaz hissəsinə çevrilməyib.

“Qarabağ”, “Sabah” və “Neftçi” kimi ölkənin aparıcı klublarının akademiyalarına baxmaq lazımdır. Akademiya sadəcə məşq meydançası, məşqçi və futbolçulardan ibarət deyil.

Burada güclü struktur, texniki direktor, yaş qrupları üzrə vahid oyun modeli, fitnes departamenti, fizioterapiya, idman elmi, tibbi nəzarət və düzgün qidalanma sistemi olmalıdır.

“Sabah”da fitnes departamentinin formalaşması istiqamətində yeni addımlar atılır. Ancaq “Qarabağ” və “Neftçi” kimi böyük klublarda da bu istiqamətdə ciddi inkişaf və institusional yanaşma tələb olunur.

Bu klubların akademiyalarında futbolçuların fiziki inkişafı təsadüfi məşqlərdən deyil, uzunmüddətli və ölçülə bilən inkişaf proqramlarından asılı olmalıdır.

Bu gün U-19 millisində çıxış edən futbolçuların böyük əksəriyyəti həmin akademiyaların məhsuludur. Deməli, onların fundamental hazırlığı 15-19 yaş arasında deyil, daha erkən yaşlarda formalaşmalı idi.

Əgər futbolçu 18-19 yaşına çatanda hələ də fundamental fiziki hazırlıq, hərəkət keyfiyyəti, sürət, güc, koordinasiya və oyun intensivliyi baxımından ciddi çatışmazlıqlar yaşayırsa, problem artıq təkcə milli komandanın məşqçisində deyil.

Problem həmin futbolçunu bu yaşa qədər yetişdirən sistemdədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Noyabr 18:10 Çək və bizə göndər!