Emin Mahmudov Rəşad Sadıqovdan nümunə almasın, kimdən alsın?

16:40 Araşdırma 102
Emin Mahmudov Rəşad Sadıqovdan nümunə almasın, kimdən alsın?

Azərbaycan millisinin kapitanı Emin Mahmudov yığma komandada sonuncu oyununa çıxacaq.

Noyabrın 16-da Andorraya qarşı keçiriləcək yoxlama matçı 34 yaşlı futbolçu üçün sonuncu olacaq.

Eminin millidən ayrılması ətrafında son günlər ictimaiyyətdə süni ajiotaj yaradılıb. Əksəriyyət hesab edir ki, kapitan üçün xüsusi vida oyunu təşkil olunmalı, onun yığmadakı son matçı mütləq Bakıda, doğma azarkeşlər önündə keçirilməlidir.

Əlbəttə, böyük futbolçuların karyeralarını başa vurması ilə bağlı bu cür mənzərəyə dünya futbolunda tez-tez rast gəlirik. Emin Mahmudov da Azərbaycan futbolunda öz çəkisi olan, sayılıb-seçilən futbolçulardandır.

Lakin uzağa getmədən, yaxın keçmişə nəzər salaq. Milli komandada oyun sayında Emini geridə qoyan, yığmanın daha ciddi uğurlarında pay sahibi olan, mətbuat konfranslarında cəsarətli açıqlamaları ilə yadda qalan əsl kapitan Rəşad Sadıqov, “1 nömrə”ni heç kimə verməyən Kamran Ağayev, sağ cinahın ağası Mahir Şükürov, Rusiya yığmasının pik vaxtlarında bu komandanın qapısına iki dəfə yol tapan Vaqif Cavadov kimi simalar üçün də xüsusi vida matçı təşkil edilməmişdi.

Belə olan halda, bu gün Emin üçün ayrıca vida oyununun keçirilməsini tələb etmək nə dərəcədə ədalətlidir? Əgər indiyədək Azərbaycan futbolunda belə bir ənənə formalaşmayıbsa, indi bu addımın atılması vaxtilə milliyə xidmət etmiş digər futbolçulara qarşı müəyyən mənada hörmətsizlik və sayğısızlıq kimi görünə bilər.

Bəli, Emin Mahmudov millimizin ən məhsuldar futbolçusudur. Amma Mahmudovun etdikləri Rəşad Sadıqovun xidmətləri ilə eyni tutula bilməz.

Sadıqov təkcə millidə keçirdiyi oyunların sayına görə deyil, xarakteri, liderlik keyfiyyətləri və Azərbaycan futbolundakı yeri baxımından da xüsusi çəkisi olan simadır.

Rəşad üçün belə bir vida matçı təşkil edilməyibsə, Eminə münasibətdə fərqli yanaşmanın hansı məntiqə söykəndiyini anlamaq çətindir.

Rəşad Sadıqov kapitan sarğısını qolunda deyil, xarakterində daşıyırdı. “14 nömrə”nin meydandakı sözünün çəkisinin, baxışının təsiri var idi. Belə kapitanın əlindən penalti topunu almağa kimsə cürət etməzdi.

Deməli, məsələ Eminə verilən dəyərdə deyil, prinsipial yanaşmadadır. Ənənə indiyədək necə olubsa, bu dəfə də elə davam etməlidir.

Eminin niyə Bakıda deyil, Andorrada millidəki son oyununa çıxacağına gəlincə, bu, yəqin ki, futbolçunun öz seçimidir. Görünür, o da artıq yığma ilə vidalaşmağın zamanının yetişdiyini anlayıb və qərarını verib.

Eminə xidmətlərinə görə təşəkkür etmək üçün mütləq təmtəraqlı vida mərasiminə ehtiyac yoxdur. Bəzən futbolçuya göstərilən ən böyük hörmət onun gördüyü işləri, qazandığı uğurları və milli komandaya verdiyi töhfələri unutmamaqdır.

Hər şeyə görə sağ ol, Emin!

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti