Azərbaycan Kubokunun II təsnifat mərhələsinin maraqlı qarşılaşmalarından biri Şamaxıda baş tutdu.
Nə qədər qəribə olsa da, bölgədə keçirilən görüşdə meydan sahibi qismində Şamaxı təmsilçisi deyil, “Xankəndi” çıxış edirdi. Rəqib isə “Gəncəbasar” idi.
Matçın favoriti hesab olunan Gəncə təmsilçisinə “Xankəndi” çətin anlar yaşatmağı bacardı. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdı.
Əlavə vaxtda komandalar daha iki qol vursalar da, qarşılaşmanın son saniyələrində mübahisəli penalti matçın taleyini həll etdi.
Baş hakim Mahmud Bağırzadənin nominal meydan sahiblərinin qapısına penalti təyin etməsi “Gəncəbasar”ın qələbə qazanmasına şərait yaratdı. Qonaqlar bu fürsətdən yararlanaraq üçüncü qolu vuraraq növbəti mərhələyə yüksəldi.
“Xankəndi”nin ilk qolunun müəllifi Nihad Tamazov Sportinfo.az-a açıqlamasında məğlubiyyətin əsas səbibini deyib, həmçinin hakimin penalti qərarına münasibət bildirib.
“Əsas oyunçularımızdan bəziləri zədə səbəbindən meydana çıxa bilmirdi. Heyətdə olan bəzi futbolçularımızın da zədəsi var idi və seçim imkanlarımız məhdudlaşmışdı.
Bu amil məğlubiyyətimizə birbaşa təsir göstərdi. Buna baxmayaraq, ilk hissədə yaxşı oyun nümayiş etdirdik.
Düzgün taktiki gedişlər edirdik və bunun nəticəsində hesabda önə keçə bildik. İkinci hissədə rəqib əvəzetmələr edərək təzyiqi artırdı
. Bu təzyiqin fonunda hesabı bərabərləşdirdilər. Buna baxmayaraq, əsas vaxt 1:1 hesabı ilə başa çatdı.
Əlavə vaxtda rəqib yenidən önə keçdi, biz isə hesabı bir daha bərabərləşdirdik. Lakin son dəqiqələrdə penalti epizodu yaşandı.
Həmin epizodda yüzfaizli penalti olduğunu demək çətindir. Hətta düşünürəm ki, penalti yox idi. Top futbolçumuzun belinə dəymişdi.
Bununla belə, bilirdik ki, bu mərhələdə meydanda VAR olmadığı üçün hakimin qərarının dəyişdirilməsi mümkün olmayacaq. Məğlub olduq”.
“Gəncəbasar” 1/8 final mərhələsində “Şamaxı” ilə münasibətlərinə aydınlıq gətirəcək.
HƏBİB
