2026-cı il Azərbaycan millisi üçün bir neçə baxımdan yadda qalan oldu.
İlin son qarşılaşmasında Andorra üzərində 3:1 hesablı qələbə qazanan yığmamız futbol ilini müsbət notlarla başa vurdu.
Bu yoxlama oyunu həm də kapitan Emin Mahmudov üçün əsas komandada sonuncu matç oldu.
İl ərzində millimiz 10 qarşılaşma keçirib. Bu oyunlarda 6 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət qeydə alınıb. Sierra Leone ilə görüşdə penaltilər seriyasında qazanılan qələbəni də nəzərə alsaq, qələbələrin sayı 7-yə çatır.
Ayxan Abbasovun rəhbərliyi altında komandanın son aylardakı çıxışında diqqət çəkən məqamlardan biri heyətin yenilənməsi və gənc futbolçulara şans verilməsi oldu.
Baş məşqçinin yerli çempionatda çıxış edən oyunçulara diqqət yetirməsi, yeni simaları düşərgəyə dəvət etməsi gələcək üçün müsbət addım kimi qiymətləndirilməlidir.
Andorra ilə son oyunda Eşqin Əhmədov, Ağadadaş Salyanski və Murad Məmmədov əsas komandada debüt etdilər. Üstəlik, Eşqin debüt matçında fərqlənərək qol vurdu.
Bu, gənc futbolçu üçün xüsusi əhəmiyyət daşıyan hadisədir.
Məncə, bu cür addımlar davamlı olmalıdır. Eşqin Əhmədov, Ağadadaş Salyanski və Murad Məmmədov kimi futbolçuların əsas millidə görünməsi Azərbaycan futbolu adına sevindirici haldır. Belə futbolçulara etimad göstərilməsi digər gənclər üçün də stimul yaradır.
SPORTİNFO.AZ
