AFFA millinin oyunçusuna görə hərəkətə keçdi - Nazirliyə məktub ünvanlandı

20:00 Problem 134
AFFA millinin oyunçusuna görə hərəkətə keçdi - Nazirliyə məktub ünvanlandı

Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Ceyhun Nuriyev hərbi xidmətə yollanıb.

25 yaşlı futbolçu oktyabrın son günlərində hərbi xidmətə cəlb olunub və bir neçə gün əvvəl andiçmə mərasimində iştirak edib.

Bu isə o deməkdir ki, Ceyhunu qarşıdakı ilyarım ərzində hərbi xidmətlə bağlı ciddi sınaq gözləyir (ali təhsili varsa, müddət 1 ildir – H.).

Hazırda əsas sual onun futboldan uzaq düşəcəyi, yoxsa futbolçu karyerasını davam etdirəcəyidir.

Bildirək ki, AFFA bu məsələni xüsusi şəkildə nəzarətə götürüb. Artıq bu istiqamətdə müəyyən addımlar atılıb.

Ölkənin əsas futbol qurumu Azərbaycan Gənclər və İdman Nazirliyinə məktub ünvanlayaraq, Nuriyevin peşəkar futbolçu olduğunu, eyni zamanda Azərbaycan milli komandasının şərəfini qoruduğunu rəsmi şəkildə bəyan edib.

Gənclər və İdman Nazirliyi də öz növbəsində bu faktları təsdiqləyərək Ceyhunun Mərkəzi Ordu İdman Klubunda (MOİK) karyerasını davam etdirməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət ünvanlayıb.

Müdafiə Nazirliyi məsələni araşdırdıqdan sonra yekun qərarını verəcək.

Müraciət müsbət cavablandırılarsa, Ceyhun yaxın vaxtlarda MOİK-in düşərgəsinə qoşularaq futbol karyerasını I Liqada davam etdirə, hətta növbəti mövsümdə ona doğma olan Premyer Liqaya qayıda bilər. Hər halda, ordu klubunun iddiası kifayət qədər yüksəkdir.

Solaxay yarımmüdafiəçi hərbi xidmətə yollanmaq ehtimalını hələ yayda “Araz-Naxçıvan”la müqavilə bağlayarkən klub rəhbərliyinin diqqətinə çatdırıb. Tərəflər arasında imzalanan müqavilədə də bu məqam nəzərə alınıb və hərbi xidmətlə bağlı xüsusi bənd yer alıb.

Ceyhun oktyabr ayına qədər “Araz-Naxçıvan”ın düşərgəsində olduğundan, ötən ayın maaşını alıb. Bundan sonrakı müddətdə isə Naxçıvan təmsilçisi ona əməkhaqqı verməyəcək.

Hadisələrin gedişatını diqqətdə saxlayırıq.

Ceyhun Nuriyevin futbol gələcəyi ilə bağlı yenilikləri oxucularımıza çatdırmağa davam edəcəyik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti