«Səbail»in prezidenti Mirzə Bayrampur növbəti dəfə yalan danışıb. Bir neçə ay öncə klubuna başına keçən şəxs məşqçi və futbolçu heyətini aldadıb. Bu barədə saytımıza komanda üzvləri məlumat verib. Yenidən redaksiyamızla əlaqə saxlayan oyunçular Bayrampurun vədini yerinə yetirmədiklərini bildiriblər: «Əvvəlcədən söz verilmişdi ki, həftənin birinci günü maaşlarınızı alacaqsız. Dünən gecəyədək gözlədik. Pulumuz bank hesabına köçürülmədi. Mirzə son vaxtlar bir nəfər qabağa verib. hamıyla da o danışır. Həmin şəxs keçən dəfə demişdi ki, maaşınız filan tarixdə ödənilməsə, ertəsi gün mən istefa verib gedəcəm. İndi ondan da xəbər yoxdur. Burada sözünün üstündə duran adam yoxdur. Mirzə gah məşqə gəlir, gah gəlmir. Biz indi-indi eşidrik ki, klubun başqalarına da borcu var. Stadiona, otelə, suya… Ümumiyyətlə, hara getmişiksə, nə etmişiksə, hamısı klubun ayağına borc yazılıb. Mirzə «Səbail»i nisyə kitabçasına döndərib. Hamıya verəcəyi var, amma vermir. İki-üç gündür adam axtarırıq ki, bizi sponsorla görüşdürsün. Eşitdiyimizə görə, o, SOCAR-da işləyir. Adını öyrtənmişik, indi vasitəçi axtarırıq. Saytınız neçə gündür klubdakı problemləri işıqlandırır. Yenə «Sportinfo» sağ olsun ki, bütün məlumatları obyektiv və operativ yayır. Ümidimiz sizədir. Düşünürük ki, saytınızın yazdığı xəbərlər sponsoru hərəkətə gətirəcək. Çağırıb Mirzəni soruşacaqlar ki, kluba ayırdığımız pullar hanı? Bəlkə doğrudan da, pul vermirlər? Bəlkə Mirzənin günahı yoxdur, sponsorlar maliyyə dəstəyini kəsiblər, o, bizdən gizlədir? Belə problem varsa, istənilən halda bilməliyik. İnanın, bu dəqiqə hamı dilxordur. Peşmanıq «Səbail»ə gəlməyimizə. İndiyədək çox yalanlar eşitmişdik, «Səbail»ə gələndən sonra eşitmədiklərimizi də eşitdik».
SPORTİNFO.AZ
