Paytaxt klubu iki futbolçusunu icarəyə verdi - FOTO

10 Avqust 2022 10:00 İtaliya 475
Paytaxt klubu iki futbolçusunu icarəyə verdi - FOTO

“Roma” iki futbolçusunu icarəyə göndərib.

Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi Karles Peresi “Selta”ya, Qonsalo Vilyarı isə “Sampdoriya”ya icarəyə verib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu 2022/23 mövsümünün sonunadək icarəyə verilib. Tərəflər arasındakı müqavilədə satınalma şərti də nəzərdə tutulub.

Bir mövsümlük icarə üçün “Roma”ya 1 milyon avro ödəyən “Selta” Karles Peresi birdəfəlik almaq istəsə, əlavə 11 milyon avrosundan keçməli olacaq. “Sampdoriya” isə Qonsalo Vilyarın birdəfəlik transferi üçün 8 milyon avro ödəməlidir.

Xatırladaq ki, Karles Peres 2020-ci ildə yetirməsi olduğu “Barselona”dan “Roma”ya keçib. İspaniyadan olan 24 yaşlı vinger, “canavarlar”ın heyətində keçirdiyi 3 mövsüm ərzində 75 oyuna çıxıb, 8 qola imza atıb.

İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış yarımmüdafiəçi, “Barselona”nın əsas komandasında 13 oyunda 2 qolla yadda qalıb.

Qonsalo Vilyar da İspaniyadandır. 24 yaşlı yarımmüdafiəçi də 2020-ci ildən “Roma”da çıxış edirdi. O, bu komandada 3 mövsüm ərzində 64 oyuna çıxıb, cəmi 1 məhsuldar ötürmə müəllifi olub.

İtaliya klubu yarımmüdafiəçini bu ilin əvvəlində “Xetafe”yə də icarəyə vermişdi. Daha öncə “Elçe” və “Valensiya”da da oynamış Vilyar, İspaniyanın əsas millisində 1 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti