İtaliya Kubokunda yarımfinalın növbəti iştirakçısı bəlli olub.
Sportinfo.az xəbər verir ki, səfərdə "Atalanta"nı 3:2 hesabı ilə məğlub edən "Fiorentina" adını ən güclü 4 komanda arasına yazdırıb.
Oyunda ilk qolu qonaqlar vurublar. Kşiştof Pyontek 9-cu dəqiqədə penaltidən fərqlənib. Yarım saatın tamamında Davide Zappakosta tarazlığı bərpa edib.
56-cı dəqiqədə Jeremi Boqa hesabı Berqamo təmsilçisinin xeyrinə dəyişib. Lakin 71-ci dəqiqədə yenidən səhnəyə çıxan Pyontek hesabı bərabərləşdirib.
8 dəqiqə sonra "Fiorentina"nın heyətində Lukas Martines ikinci sarı vərəqəni görərək meydandan qovulub.
Buna baxmayaraq, florensiyalılar görüşün əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə qələbə topunu vurublar. Bu dəfə Nikola Milenkoviç adını tabloya yazdırıb.
"Fiorentina" yarımfinalda "Yuventus" - "Sassuolo" cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun digər oyununda isə "Milan" və "İnter" komandaları üz-üzə gələcəklər.

