Qurban Qurbanov "Qarabağ"da hansı islahatlara gedəcək?

20 Avqust 2023 02:00 Qarabağ 1 648
Qurban Qurbanov  "Qarabağ"da hansı islahatlara gedəcək?

Sentyabrın 1-də “Qarabağ”ın Avropa kubokunun qrup mərhələsindəki rəqibləri müəyyənləşəcək.

Sloveniyanın “Olimpiya” komandası ilə “pley-off”dakı matçların nəticələrindən asılı olaraq,

“Qarabağ”ın mübarizəni Avropa Liqası, yoxsa Konfrans Liqasının (KL) qrupunda davam etdirəcəyi qətiləşəcək. “Qarabağ”la “Olimpiya” rəsmi səviyyədə artıq bir mərhələdə üz-üzə gəliblər.

2018-ci ildə “Olimpiya” ilə Çempionlar Liqasının birinci raundunda qarşılaşan Ağdam klubu rəqibi mübarizədən kənarlaşdırıb (səfərdə 1:0 hesablı qələbə, Bakıdakı cavab oyunu 0:0).

Bu dəfə sevinən tərəfin kim olacağını təbii ki, zaman göstərər. Amma indidən bir şey dəqiqdir ki, “Qarabağ” ən pis halda KL-in, ən yaxşı halda AL-in qrupunda oynayacaq. Bu isə o deməkdir ki, Qurban Qurbanovun komandasının ən azı dekabrın 14-nə, qrupun son oyununa qədər Avropa yolçuluğu davam edəcək. Lakin qrupdan “pley-off”a yüksəlmək şansı da realdır. Unutmayaq ki, son iki mövsümdə Ağdam təmsilçisi bunu bacara bilib.

“Qarabağ”ın KL-in qrupuna vəsiqəni təmin etməsi ilə klub transfer çalışmalarını daha da sürətləndirib. Bu ilin əvvəlindən Ağdam klubunun siyahısında olan rusiyalı qapıçı, bu ilin iyununa kimi “Bayer”in (Almaniya) ikinci qapıçısı olmuş Andrey Lunyevin transferi yekunlaşmaq üzrədir. 31 yaşlı futbolçu tibbi müayinədən uğurla keçərsə, onunla müqavilə imzalanacaq. Bu halda Lunyev “Olimpiya” ilə oyunlara sifariş olunacaq.

Onu da ehtimal etmək olar ki, Şahruddin Məhəmmədəliyevin son matçdakı qolla nəticələnən kobud səhvindən sonra baş məşqçi Qurban Qurbanov tezliklə start heyətə bir balaca əl gəzdirməli olacaq. Yəni artıq “Olimpiya” ilə oyunlardan (və ya cavab oyunundan) başlayaraq, Lunyev ilk 11-likdə Şahruddini əvəzləyə bilər. Hər halda Rusiya millisinin sabiq futbolçusunun Ağdam klubuna ehtiyat qapıçı kimi transfer edilmədiyi dəqiqdir.

Bundan başqa, yaxın günlərdə daha bir legionerin transferi gözlənilir. Bunu bizimlə söhbətində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Amma hələlik həmin futbolçunun adı, təmsil etdiyi ölkə, hətta mövqeyi belə dövlət sirri kimi məxfi saxlanılır. Bu, pleymeyker də, vinger də, mərkəz hücumçusu da ola bilər.

Beləliklə, bu yay Hamidu Keyta, Juninyo və Patrik Andradeni heyətinə qatan “Qarabağ” qrupa qədər azı daha 2 oyunçu almağa yaxındır.

Bundan başqa, “Rakov”la Polşadakı matçdan bir gün əvvəl ağır zədə alan sağ cinah müdafiəçisi Marko Veşoviç avqustun sonu, sentyabrın əvvəlləri yenidən heyətə qayıdacaq. Bu o deməkdir ki, “Qarabağ”ın cinahlarla bağlı işi bir az rahatlaşacaq.

Yüksək təcrübəyə malik monteneqrolu futbolçunun yoxluğu hiss edilirdi. Düzdür, Veşoviçin olmadığı oyunlarda yenidən yaxşı formasına qayıdan gənc Toral Bayramovun komandasına faydası çox oldu. HİK-lə cavab matçında penaltidən vacib qol da vura bildi. Amma istənilən halda Toral özünə xas sol cinah müdafiəçisi rolunda daha təhlükəlidir. Həm də bu zaman onunla Elvin Cəfərquliyev arasında rəqabət daha da artır. Belə sağlam rəqabət isə komandanın və futbolçuların xeyrinədir.

“Qarabağ” Finlandiya HİK-i ilə çətin oyunların öhdəsindən məharətlə gələ bildi. Bu uğur sayəsində “Rakov”la oyundan sonra futbolçuların üzərindəki müəyyən psixiloji ağırlıq da azaldı. Hər halda artıq Konfrans Liqasının qrupuna vəsiqə təmin edilib. Deməli, “Olimpiya” oyunlara təzyiq altında olmadan rahat hazırlaşmaq olar. Amma əlbəttə, “Qarabağ”ın hədəfi Avroliqanın qrupudur. Lakin ən pis halda KL-in qrupu da bu gün üçün məqbul sayılmalıdır.

Ona görə ki, Azərbaycanın Avropada təmsilçisi kimi “Qarabağ” yenə yekunda tək qaldı. Artıq neçə ildir formalaşan bu xoşagəlməz ənənə yenə davam etdi. Təəssüf ki, anlaşılan səbəblərdən "Qəbələ", “Neftçi”, xüsusən də “Sabah”ın yolçuluğu da qısa oldu. Odur ki, necə deyərlər, ümid yenə qaldı “Qarabağ”a (qol.az)…

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti