"Nə vaxt razılıq versələ, işimiz daha asan olacaq"

21 Sentyabr 2020 18:06 Güləş 644
"Nə vaxt razılıq versələ, işimiz daha asan olacaq"

"İlk növbədə, bu, elə bir idman növüdür ki, xalça işi tələb edir. Burada müxtəlif fəndlər yerinə yetirmək lazımdır.

Amma hazırkı situasiya ilə bütün dünya üzləşib. Ona görə də bizə açıq havada məşq üçün şərait yaradılıb".

Sportinfo.az xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov komandanın açıq havada məşqi barədə danışarkən deyib.

Rusiyalı mütəxəssis bildirib ki, hazırlıq prosesində 4-5 xallıq atışlar istisna olmaqla, bütün fəndlər yerinə yetirilir: "Güləşçi üçün əsas məsələ isə xalça işidir. Hazırkı situasiyada belə imkanımız yoxdur.

Rəhbərliyə təşəkkür edirik ki, bizə açıq havada məşq imkanı yaradıblar. Digər ölkələrdə bunlar yoxdur və məşq etmələri çətin məsələdir. Şadıq ki, yumşaq meydançada məşq edirik və bu, uşaqlara böyük fayda verir.

Nə vaxt razılıq versələr və biz xalçaya keçsək, işimiz daha asan olacaq. Çünki bu zaman ixtisaslaşdırılmış güləşçilərə fəndlərin dəqiqliyi və keyfiyyətinə hesablanmış məşqlər keçəcəyik".

Məşqlərin dənizdə qumlu sahillərdə də keçdiyini söyləyən Tarakanov güləşçilərin hazırlıq səviyyəsini yüksək qiymətləndirib: "Sahildə məşqdən sonra uşaqlar dənizdə çimir, istirahət edirlər.

Zalda məşq etməyə nə vaxt razılıq versələr, dərhal yüksək səviyyəli yarışlara hazırlaşacağıq. Çalışacağıq ki, medallar qazanaq. Uşaqlar buna hazırdırlar.

Onların xarakterləri də, qələbə istəkləri də var. Son olaraq Avropa çempionatında 6 medal qazandılar. Bunun özü böyük nailiyyətdir. Yaxşı səviyyədə hazırlıq keçmişdilər.

İndiki məqamda da açıq havada məşq də güləşçilərimizə çox şey qazandırır. Federasiyamıza təşəkkür edirəm ki, güləşçilərimizin vitaminlə təminatını həll ediblər. Bu da orqanizm üçün çox faydalıdır, xəstələnməyə imkan vermir. Bizə hamı kömək edir, belə bir şərait yaradırlar. Uşaqların hamısı hazırdırlar".

Digər Xəbərlər
Xəbər Lenti