Tərlan Əhmədova haqsızlıq etməyin bədəlini ödəyin indi…

19 Avqust 2023 11:40 Kəpəz 3 973
Tərlan Əhmədova haqsızlıq etməyin bədəlini ödəyin indi…

Premyer Liqada yeni mövsümə «Neftçi» üzərində qələbəylə başlayan «Kəpəz»nin bu nəticəsi təsadüfi imiş.

Növbəti iki tur ağı qaradan ayırdı.

«Zirə»yə səfərdə, «Turan Tovuz»a evdə uduzdular.

«Kəpəz» cəmi 10-15 dəqiqə normal futbol oynadı. Hücum etdilər, təhlükəli epizodlara girdilər. Hesabı erkən açmağa yaxın oldular.

Hesab erkən açıldı, bəli. Vladislav Vasilyuçek yumşaq topu əlində, ovcunda saxlaya bilməyincə, «Turan»ın bolqarıstanlı hücumçusu Martin Petkov çempionatdakı qollarının sayını 3-ə çatdırdı, bombardirlər yarışında liderlik zirvəsinə yüksəldi.

Bununla da «Kəpəz» travama aldı, tez çökdü. Ardınca da daha bir mövqe səhvi və qol! Vəssalam və şüttamam, derbinin taleyi həll olundu.

İlqar Nadiri Tərlan Əhmədovu hələ çox axtaracaq. Günün günorta çağı, əlində də çıraqla. Öz maraqlarına görə klubun ümumi mənafeyini ayağa verdi.

Qalmışdı da o, gül kimi də işləyirdi.

Hər halda Tərlan Əhmədov Azər Məmmədovdan təcrübəli məşqçidir və işiylə, nəticələri ilə «Kəpəz»i alınmaz qalaya çevirmişdi.

Bu il də sükan arxasında qalsaydı, komanda avrokuboklara vəsiqə uğrunda mübarizə apara bilərdi.

İdarə Heyətinin sədri Tərlan Əhmədova minimal şəraiti belə, yaratmamışdı. Problemlər başdan aşırdı. O, bütün bu çətinliklərə, məhrumiyyətlərə, sıxıntılara baxmayaraq,

«Kəpəz»i qaldırmışdı, gözəl futbol oynadırdı, nəticələri də düzəltmişdi. Nədir, Əhmədov Nadirinin tapşırıqlarını yerinə yerinə yetirməkdən imtina elədi, qaldı kənarda.

Onun etdiyi yaxşılığın cavabı bu olunca, təbii ki, xeyir-bərəkət də itəcək. İlahi ədalət deyilən bir şey var, kim ondan yayınacağını zənn edirsə, başına min cür bəla gələr.

Hələ bu harasıdır, İlqar Nadiri Tərlan Əhmədovu uzaqlaşdırmaqla yol verdiyi strateji xətanın bədəlini çox ağır ödəyəcək.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti