Dünən Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Azərbaycan çempionu “Qarabağ” mövsümdə ikinci matçına çıxıb.
Qurban Qurbanovun komandası Polşa çempionu “Lex”i qəbul edib. Ötən həftə Poznanda rəqibinə 0:1 hesabı ilə məğlub olan ağdamlılar Tofiq Bəhramov adına Respublika Stadionunda bunun revanşını artıqlaması ilə çıxıb.
Düzdür, görüşə qonaqlar qolla başlayıb. Buna baxmayaraq, erkən toparlanan “Qarabağ” birinci hissədə ümumi hesabı bərabərləşdirib, fasilədən sonra isə daha 3 dəfə fərqlənərək, böyükhesablı qələbə qazanıb.
Bununla Azərbaycan çempionu darmadağınla növbəti mərhələyə adlayıb.
Ağdam klubu II təsnifat mərhələsində İsveçrə klubu “Sürix”lə qarşılaşacaq. “Lex” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.
“Köhlən atlar”ın tarixi zəfəri Azərbaycanda böyük bayram kimi qarşılanıb. Sosial şəbəkələr dünən axşamdən bəri toy meydanına dönüb.
Hamı bir nəfər kimi “Qarabağ”dan, onun qazandığı uğurdan yazır. Elə həmkarlarımız da. Onlardan bir neçəsinin fikirləri ilə sizləri tanış edirik:
Asəf Zeynallı: "Lex", "Leş", "Lox" və radioda bir qızın dediyi kimi: "Leks".
Szbuhi Musayev: "Qarabağ" Avropanın qara bağıdır. Polşa çempionu fatality. Mission completed.
Zaur Xudiyev: İlk oyunda da yazmışdım, yenə fikrimdə qalıram: oyun yaxşı şərh olunanda "Qarabağ" da yaxşı oynayır. Gözəl oyun, gözəl qələbə. Növbədə "Sürix"dir. Mərdan Həsənov: Bravo, "Qarabağ"! Əhsən, Qurban Qurbanov!
Rzşad Ergün: İllər əvvəl kimsə desəydi ki, Azərbaycan komandası Çempionlar Liqasında Polşa çempionunun qapısına beş top vura bilər, onun dəli olduğunu düşünərdi hamı. Futbola ağılla yanaşanda dəlilik saydığın hər şey gerçək olur.
Anar Xanlarov: "Lex"in bugünə qədər Azərbaycan, "Qarabağ"ın isə Polşa klubları önündə aşkar üstünlüyü var idi. Yəni indiyə qədər "Lex" qarşılaşdığı bütün Azərbaycan, "Qarabağ" isə bütün Polşa klublarından üstün olmuşdu. Bu statistikanı kimin öz tərəfindən davam etdirəcəyi böyük maraqla gözlənilirdi ki, davam etdirən tərəf "Qarabağ" oldu. İndiyə qədər Azərbaycan klublarının qənimi olan "Lex"i kötəkləyib yola saldı. Bu ölkədə "Qarabağ"ı, Qurban Qurbanovu obyektiv və subyektiv səbəbdən sevməyən insanlar ola bilər. Amma bu klubun və bu şəxsin bu gün üçün Azərbaycan futbolunda ən güclü olduğunu qəbul və etiraf etmək lazımdır!
Saleh Arslan: Keçən oyundan sonra "bu oyunu Qurban Qurbanov uduzdu" deyənlərin bu gün "halal olsun, Qurban Qurbanov" demələrinə şahid etməkdə məqsədin nədir, İlahi?..
Erkin İbrahimov: “Lex” bloka düşüb, onlara nöqtə-vergüldən atın, bəlkə “Slovan” - “Batumi” cütünün qalibi ilə matçlarına qədər özünə gəldi. Bu millətə qürur duydurduğun üçün sonsuz minnətdarıq, “Qarabağ”! Yaxın vaxtlara qədər hər hansı klubumuza Polşa çempionu düşəndə onu ilk oyundan əvvəl “spisat” olunmuş sayırdıq. İndi isə “Qarabağ” Varşavanın ən şanlı klubuna bir oyunda üç, Poznanın təmsilçisinə isə beş qol vurub yola salır. Təşəkkürlər, komanda! Təşəkkürlər, Qurban Qurbanov!
Ceyhun Rzayev: İlk oyunda uduzursan, cavab oyununun 20-ci saniyəsində qol buraxırsan, sonra toparlanıb 5 qol vurursan. 5 qol vurduğun komanda da Cəbəllütariq, Maltanı-zadı təmsil eləmir a, Polşa çempionudur. Canavarsız!
Natiq Muxtarli: Ayə, nəyi gözləyirsiz, yazın ki, "Qarabağ" güclü deyil, rəqibi zəifdir.
Aydın Bağırov: “Lex” “Qarabağ”ın son illər 1 və 2-ci mərhələlərdə qarşılaşdığı ən güclü rəqib idi. Bu parlaq qələbənin hesabı aldadıcı olmasın. Qurban Qurbanov ilk oyundan sonra rəqib komandanı usta uzaqgörənliklə təpədən-dırnağa qədər öyrənmişdi. Gözəl oyun, əzmkarlıq, iradə, xarakter… “Qarabağ” üçün ikinci mərhələdə “Sürix”lə oyunlar indikindən rahat olacaq və həm də komanda daha yaxşı forma yığacaq.
Polşadakı məğlubiuyətdən sonra bir həftədir “Qarabağ”ı mediada, küncdə-bucaqda həvəslə “sürüyən” “futbol professorları”na isə kobud səslənsə də, deyəcəyim bir söz var: tənqidiniz, futbol görüşünüz təpənizə dəysin!
Adil Mirzəzadə: Nə qədər ki Qurban Qurbanov var, ölkənin ən böyük klubu həmişə tarix yazacaq. Təbriklər, “Qarabağ”!
Nihat Ağasoy: Salam! Buralarda "Lex"in uşaqlarını görməmisiz? Mamaları axtarır onları... Eşitdiyimə görə, matçdan sonra Şatka ilə Muravski çaşıb Mehdiabad tərəfə gediblər.
Mahal Mammadov: Bəlkə də erkən buraxılan qol komandanı diriltdi. Həm də Qarabağ tarixi günlərdə hər zaman tarix yazmağı bacarıb. Son 3 ildə ilk dəfə idi “Qarabağ”ı stadiondan izləyirdim. Bu inam aparmışdı stadiona məni və balaca dostlarımı..
Sənan Şəfizadə: Erkən buraxılan qol əhvalı korladı, amma inamı azaltmadı. Sadiq azarkeş hesabda geri olan komandaya möhtəşəm dəstəklə əlavə güc verdi. Bu inamı “Qarabağ” və QQ illər ərzində zəhmətlə, qələbələrlə əldə edib. Bizimkilərin vurduğu ikinci qoldan sonra azarkeşlərlə yanaşı mühafizəçilər, həkim heyəti, texniklərin sevincini görməyə dəyərdi. Stadionda komandaya ürək verən 26000 azarkeşin hər birinə ayrı-ayrılıqda çox sağ ol deyirik. Dəstəyiniz gücümüz oldu. Boğazı ağrıyanlar narahat olmasın, “Sürix”lə matça qədər düzələcək.
SPORTİNFO.AZ

