Futbolçuları italyanlar tərəfindən bəyənilən baş məşqçi: "Sevincimdən göylərdə uçurdum"

13 İyul 2022 14:40 Bizimkilər 875
Futbolçuları italyanlar tərəfindən bəyənilən baş məşqçi: "Sevincimdən göylərdə uçurdum"

EFA-nın (European Football Academy) iki komandasının bugünlərdə İtaliya və Slovakiya səfər etməsi barədə məlumat vermişdik.

Futbol ictimaiyyətini maraqlandıran ən vacib məsələ klubun 16 yaşlı futbolçularının İtaliyanın Peruca klubunun Futbol Akademiyası ilə əldə edilmiş qarşılıqlı anlaşmaya əsasən iyul ayında yerli skautların nəzarətində keçirilən seçmələrdə iştirakı etməsi idi.

EFA-nın baş məşqçisi və koordinatoru Vüsal Mustafayev 14 futbolçunun Peruca səfəri, gənc futbolçularımızın göstərdikləri nəticələr, italyan skautların onlarla bağlı fikirləri və digər maraqlı məqamlar haqda Sportinfo.az-a danışıb:

"Perucaya çatdığımız ilk dəqiqələrdən başlayaraq, italyan həmkarlarımızın qayğısı və diqqəti ilə qarşılaşmış olduq. Səfər proqramında ilk başdan gündə 3 dəfə məşq və hər axşam oyun oynamaq planlaşdırılırdı.

Perucadakı ilk gündə uşaqlarda azacıq yol yorğunluğu hiss olunurdu. Amma buna baxmayaraq, axşamkı oyunda italyan məşqçi və skautları yaxşı mənada heyrətləndirə bildik.

Qələbə ilə başa vurduğumuz görüşün sonunda bizə yaxınlaşaraq, belə gözəl oyun nümayiş etdirən kollektivə görə təşəkkürlərini bildirdilər.

Mən də öz növbəmdə uşaqları ruhlandıraraq sabahkı gün daha yaxşı oynamaları üçün motivasiya etdim.

Növbəti gün gücümüzun üst səviyyədə olduğunu nəzərə alıb, Umbriya bölgəsinin çempionu ilə oynayacağımızı bildirdilər. Bu oyunu da qələbə ilə başa vurduq.

Oyundan sonra keçirilən toplantıda italiyalı mütəxəssislər bütün kollektivin mükəmməl olduğunu, ümumiyyətlə gətirdiyimiz bütün uşaqların böyük potensiala malik olduqlarını söylədilər.

Növbəti günün proqramı barədə isə dedilər ki, artıq hər şey aydındır, əlavə oyuna ehtiyac yoxdur.

Təbii ki, yetirmələri barədə xoş sözlər deyilən, yüksək qiymətlər verilən bir məşqçi üçün bundan gözəl şey ola bilməzdi. Həmin an sevincimdən göylərdə uçurdum.

Sonrakı günlər uşaqları gələcəkdə oxuyacaqları məktəb və yataqxananın yerləşdiyi qəsəbəyə, eləcə də Peruca şəhərinin tarixi yerlərini gəzdirməyə apardılar.

Daha sonra əsasən inzibati işlərlə bağlı bir neçə işgüzar görüşlər oldu ki, bütün bunlar barədə klub rəhbərliyi ilə müzakirələrdən sonra açıqlama verəcəyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!