Ver beşi bura, cənab Hacıyev!

28 İyun 2020 20:20 Azərbaycan Futbolu 1 004
Ver beşi bura, cənab Hacıyev!

Dostlarımızdan biri bu yaxınlarda çox maraqlımüşahidəsini "feysbuk”da paylaşmışdı, biz də xeyli gülmüşdük.

Demişdi ki, "Dadaşlinski”nin qonağı olan Vaqif Sadıqova diqqət edin, artıq Elxan Məmmədov kimi danışır, əllərini də onun kimi hərəkət etdirir.

Yəqin ki, bu məqama diqqət yetirənlər sizin də aranızda var. AFFA-nın əvəzedilməz baş katibi, eyni zamanda icraçı vitse-prezidenti Elxan Məmmədov çörəyi "boz bina”dan, daha doğrusu, Azərbaycan futbolundan çıxanların çoxu üçün ideal insandı.

Necə ki, biz uşaq vaxtı özümüzə kimisə ideal seçib, onun kimi danışmaq, yerimək, saçımızı daramaq istəyirdik, onlar da elədi. Həmin adamlar Elxan Məmmədov kimi danışmağa, sözləri onun kimi tələffüz etməyə, Azərbaycan dilində danışarkən "çətinlik çəkməyə” çalışırlar.

Özlərinə geyim seçərkən, qalstuklarını bağlayarkən, yemək yeyərkən belə bu prinsipləri nəzərə alırlar. İndiyə qədər Elxan Məmmədovun ətrafındakı gənclər belə edirdilər. Beləcə vəzifə pillələrində addım-addım irəliləyir, AFFA-da rahat kabinet, yumşaq kreslo tuturlar və söz sahibinə çevrilirlər.

Vaqif Sadıqov da baxdı, gördük ki, Elxan bəyin dostları heç futbolçu olmaya-olmaya bu fənddən istifadə edib, özlərinə həyat qururlar. O da həyatını dəyişməyə qərar verdi. Kimdən əskikdi ki?! Özü də futbolçu da olub, məşqçilik də edib. Nəticəsi olmasa da, CV-sinin karyera hissəsinə xeyli bənd yaza bilər. Gənclər millisini çalışdırıb, əsas yığmanı meydana çıxarıb, "Neftçi”nin də baş məşqçisi olub. Hələ üstəlik, bizim futbolumuza "Azərbaycansayağı künc zərbəsi” də gətirib. Daha bundan artıq nə etməlidi? Neçə ildi ki, Məşqçilər Komitəsinin sədri kimi "səngərdə dayanıb”. Çətin məqamlarda sinəsini AFFA-ya, daha doğrusu, Elxan Məmmədova sipər edib, özünü "güllə qabağına” verib. Ağa "qara”, qaraya "ağ” demək lazım gələndə cənab Məmmədovun ətrafındakılar bundan çəkinməyiblər. Bu reallığı Vaqif Sadıqov da nəzərə alıb. Ona görə də Sadıqovu da yuxarı çəkiblər, artıq vəzifələrinin üstünə biri də əlavə olunub, AFFA-nın vitse-prezidentidi. Özlərinin dediyi kimi, əvvəllər AFFA-nın vitse-prezidentləri "boz bina”da oturmurdular, kənardan müdaxilə edirdilər. İslahatlar aparıblar, indi vəziyyət başqa cürdü. "Vitselər” bilavasitə AFFA-nın binasından vəziyyəti nəzarətdə saxlayırlar.

Bütün bunları ona görə deyirəm ki, Sadıqovu qınamağa dəyməz. Azərbaycan futbolunda özünə yer tapmaq, vəzifədə olmaq, qaz vurub qazan doldurmaq istəyirsənsə, mütləq özünü Elxan Məmmədova bənzətməlisən. Necə ki, "yuxarı” dırmaşmaq istəyənlər bunu uğurla bacarırlar. Vaqif bəyin yaşı çox olsa da, bu yamsılama işində hələ təzədi. Daha əvvəldən belə yaşamağı özünə prinsip seçənlər arasında olanlardan biri də Sərxan Hacıyevdi. Əvvəllər nə işlə məşğul olduğundan xəbərsizik. Bircə onu bilirik ki, uzun müddətdi AFFA-da Elxan Məmmədovun köməkçisi kimi çalışır. Eyni zamanda da AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəridi. İllərdi bu lisenziya nağıllarını o danışır. Heç kimin baş açmadığı mücərrəd cümlələrlə birinci divizionda qalib olan, yuxarı pillələrdə qərarlaşan klublara nə üçün lisenziya verilmədiyini, onların qarşısında "qırmızı işıq yandırılmasının” səbəbllərini izah etməyə çalışır. Bu dəfə də elə edib. Bəxtləri onda gətirdi ki, ortaya koronavirus pandemiyası girib, aşağı diviziondakı klubların "faciəsinə” çox da diqqət yetirən yoxdu. Çünki virusun gətirdiyi problemlər elitada aləmi bir-birinə qatdı. Belə məqamda kimin yadına düşür ki, aşağı divizionda nə baş verdi?

Bununla belə, Sərxan bəy lisenziyalaşdırmayla bağlı danışmağı lazım bilib. Birlikdə diqqət yetirək: "Lisenzilaşdırma proseduru 5 meyardan ibarətdi. Hər biri vacibdi, amma maliyyə xüsusi diqqət tələb edən meyardı. Meyarın içində də bir neçə bənd var və əsas bəndlərdən biri odu ki, klub audit yoxlamasından keçməlidi. Bir sözlə, onu deyə bilərəm ki, birinci divizion klublarının premyer-liqaya buraxılmama səbəbi maliyyə meyarının yerinə yetirilməməsidi”. Necə deyərlər, sitatın sonu. İndi gəlin, birlikdə aydınlaşdıraq, hansı klublardan söhbət gedir? Bəli, söhbət "Kəpəz”, "Ağsu”, "Turan Tovuz”, "Qaradağ-Lökbatan” və "Zaqatala”dan gedir. Bu klubları birləşdirən təkcə lisenziya ala bilməmələri deyil. Onların hamısına AFFA nəzarət edir. Dolayı yolla da olsa, pulları ordan gəlir. Deməli, elə eyni adamların verdiyi qərardı. Maliyyə meyarını müəyyənləşdirərkən elə aşağı diviziona uyğunlaşdırır, sonra da adını "uyğun gəlmədi” yazırlar. Nə meyarı, dostlar? Qərar verənlər də eyni adamdı, qadağa qoyanlar da, pul ayıranlar da. Ona görə də alan da razı olur, satan da. Bizdən başqa heç kimin tükü də tərpənmir. Əla sistem qurmusuz, Sərxan bəy. Köhnə kişilər demişkən, bir beş vurun bura, işinizdə olun! (Futbol+)

Amal Abuşov

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı