AFFA-dan gediş - Yurçeviçin "vurulma" kampaniyasına başladılar

19 Noyabr 2019 17:56 Azərbaycan Futbolu 1 792
AFFA-dan gediş - Yurçeviçin

Fikir verirsizsə, "zəncirlənmiş" media əhli 2-3 gündür "anti-Yurçeviç kampaniyası"na start verib.

Xorvat məşqçinin "vurulma mərasimi"nin AÇ-2020-nin seçmə mərhələsinin sonuna 2, hətta 1 tur qalmış həyata keçirilməsi, sizcə, təsadüfdür? Qətiyyən!

Başqa hardasa mümkündür, ancaq bizdə daim zərurətdən, pərdəarxası özünü sığortalamağa çalışan gözəgörünməz qüvvələrin qorxusundan yaranır belə şeylər. Azərbaycanda təsadüfi heç nə olmur. Qurban olduğumun yağışı da bu məmləkətə iznsiz düşmür.

Klaviaturada üç sözü ard-arda yaza bilməyən, "facebook" qəhrəmanı mirzələr bir yana, məhz AFFA-ya məxsus televiziyanın canlı efirində Yurçeviçin sərt tənqid olunmasına şərait yaratmaq heç də federasiyanın söz azadlığına olan ehtiramından qaynaqlanmır.

Diqqətlə fikir verin, 10 ildən çoxdur Azərbaycan futbolunun qanını zəli kimi sovuranlar deyil də, məhz ən sonuncu fiqurun silsilə formada tənqidinə start verilməsi, biabırçı nəticələrdə onun ön plana çıxarılması AFFA rəhbərliyinin köhnə şakəri, sığorta mexanizmidir.

Əgər bu gün Azərbaycanda federasiyaya az-çox bağlılığı olan, susub ayda heç nədən 1000-1500 manat maaş alanlar ahəstə tonla dillənib məlum medialara baş məşqçinin əleyhinə açıqlama verirlərsə, deməli, yuxarılara hesabat üçün "qurban" hazırlanır.

Yadınıza salım, ya da salmayım, zatən unutmamısız, Millətlər Liqasının qrupunda ötən il - söz vaxtına və yerinə çəkər - düz noyabrın 19-da Kosovo ilə qarşılaşmadan qabaq Azərbaycan futbolu üçün həyatı boyu bir iş görməyən, lakin milyon yerdən ev-maaş alan, yığmanın heyətində bütün səfərlərə olduğu kimi, Priştinaya da yollanan AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov məhz federasiyanın kurasiyasında olan mətbu orqana müsahibə verərək "Azərbaycan Kosovoya qalib gəlməlidir. Bu rəqibləri keçməliyik. Bunlar Avropanın ən zəif yığmalarıdır. Ümumiyyətlə, bu divizionda ən zəif qrup bizdədir" kimi sözlər işlətməklə Qurban Qurbanovun "torba"sının hazır olduğunun siqnalını vermişdi. Bundan təxminən 2 həftə sonra "Qarabağ"ın baş məşqçisini millidən yola salmışdılar.

İndi Nikola Yurçeviçin də asta-asta "vurulması", barəsində mediada müxtəlif "mütəxəssis"lər tərəfindən mənfi fikirlərin səsləndirilməsi nəsə məndə həmin təəssüratları formalaşdırır. Ölkə rəhbərliyinə hesabat verməli olduğunu anlayan baş katib Elxan Məmmədov altdan-altdan "əməliyyatlara" başlayıb. Məmmədov yaxşı dərk edir ki, onu istəyənlərin sayı birdisə, sevməyənlər yüzlərlədi. Çox da ki, idman mətbuatının 80 faizini ovcuna alıb. Sabah əlhəm çönən kimi, həmin o "300-500 manatlıq mirzələr"in üzünə dayanacaq qədər həyasız olduğunu hər halda federasiyanın "kardinalı" yaxşı dərk edir.

Amma gecdi, keçdi, artıq rəssam oğlunun bütün cəhdləri heçdi. İnanmıram ki, dövlət səviyyəsində onun bəhanələrinə inansınlar. Yurçeviç istefaya göndərilməli ən son adamdır. Bunu çoxdan qəbul edən Elxan Məmmədov AFFA prezidenti, futbolla bağlılığı olmayan Rövnəq Abdullayevi aldada bilər, lakin "dəvədən böyük fili" də unutmayıb, hər halda.

Elvin ƏHƏD

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı