Futbolumuzun fırtınası, "fırtınalar meydanı"nın ağası "Xəzər Lənkəran"...
Ötən ay yaranmasının 22 ili tamam oldu. Bu gün - 27 may isə dağılmasından 10 il ötür.
Cəmi 12 il ayaqda qala bildi.
Qısa ömründə futbolumuza çox şey verdi.
Oktay Dərəlioğlu çapda ulduz gördük.
İlk dəfə bir əcnəbi hakim onlara görə Azərbaycanda oyun idarə etdi.
Söhbət "qızıl oyun"u idarə etmiş isveçirəli Karlo Bertolinidən gedir.
İlk illərində bir müddət qapılarda qaldı. Sumqayıtda, Bakıda ev oyunlarını keçirdi. Cəmi iki ildə Lənkəranda futbol məbədi yaradıldı.
Müstəqillik tariximizin ən möhtəşəm stadionu özünə yaraşan "fırtınalar meydanı" adını aldı.
Azarkeşlər ortaya qoyduğu performansla bunu qazandı/haqqını verdi.
Paralel olaraq akademiya quruldu, uşaq futboluna diqqət artırıldı. Nəriman Axundzadə, Toral Bayramov başda olmaqla yüzlərlə istedad üzə çıxdı.
Gözümüz azarkeş gördü. Səfər meydanı anlayışı formallıqdan çıxdı. 15000 tərəfdar sözün həqiqi mənasında stadionu hər oyun rəqiblər üçün cəhənnəmə çevirdilər.
Fanatlar əksər hallarda səfər oyunlarında ev ab-havası yaratdılar.
Gəncədə "qızıl oyun"a 25000 tamaşaçının gəlməsinin əsas səbəbi məhz "Xəzər" idi. Ona qədər yalnız 2002-ci ildə Azərbaycan - İtaliya oyununda bu qədər azarkeşi tribunada görmüşdük.
Hələ bir-birindən kreativ bannerləri demirəm.
"Bakı" ilə oyunda “Sevirəm Xəzərin qucağındakı, ey əziz, ey gözəl, mehriban Bakı” yazılı banner hələ də yaddaşlarda qalır. Başqa misallar çox çəkmək olar.
Səfər oyununda bilet satan/rəqibini bilet satmağa məcbur edən yeganə klub olub "Xəzər".
Bütün mövsümü pulsuz, yalnız "Xəzər"lə oyunda bileti pullu edən rəqiblər də az olmayıb.
Viniston Parks, Adrian Pit, İvan Tsvetkov, Denis Kalinkov, Mario Souza kimi səviyyəli əcnəbiləri ilk dəfə "Xəzər" formasında gördük.
Üzərindən 15 il ötüb, heç bu gün də klublarımız o çapda legionerləri hələm-hələm Azərbaycana gətirə bilmir.
Mübariz Mənsimov onları paytaxta da yox, bölgəyə - Lənkərana aparırdı.
10 il əvvəl "Fənərbaxça"nın yoldaşlıq görüşü üçün Cənuba yol alması da sıradan hadisə deyildi.
12 ildə nə az, nə çox 6 kubok Lənkərana aparıldı.
Birlik Kuboku, Azərbaycan çempionluğu, Super kubok və 3 dəfə ölkə kuboku.
2004-cü ildə yaranan klub artıq 2007-ci ildə Azərbaycan çempionu idi.
2008-ci ildə Birlik Kubokunu başı üzərinə qaldırmışdı.
“Xəzər Lənkəran” futbolumuza o qədər şey qatıb ki…
Say-say bitməz.
Düzdü, bu gün arxasınca danışanlar var - Əşşi milyonlar havaya sovruldu, ortada heç nə qalmadı.
Bəli, havaya sovrulan pullar da az olmadı. Daha çoxuna nail olmaq olardı. Amma yuxarıda sadaladığım faktları, qazanılan titulları, uğurları görməzdən gəlmək ədalətli olmaz.
Əbəs deyil ki, Mübariz Mənsimov açıqlamalarının birində “Xəzər Lənkəran” olmasaydı, Azərbaycan futbolu bu yerlərə gəlməzdi” demişdi.
Azərbaycan futbolunda bu günə qədər onlarla klub dağılıb.
Amma heç biri “Xəzər Lənkəran” qədər xatırlanmır. Heç xatırlanmayacaq da…
Çünki Mənsimovun dedikləri böyük, çox böyük həqiqətdir. Azərbaycan futbolu bu yerlərə “Xəzər Lənkəran”la gəldi. Daha da irəli getmək istəyiriksə, mütləq həmin “Xəzər Lənkəran” geri qayıtmalıdır.
Onsuz keçən 10 il çox, lap çox oldu. Həm də ağır...
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

