"Neftçi" Premyer Liqanın 33-cü turunu ağır məğlubiyyətlə başa vurdu. "
Turan"ın qonağı olan bakılılar meydandan 0:4 hesablı məğlubiyyətlə ayrıldılar.
Bakıdan Tovuza komandalarını dəstəkləməyə gedən "ağ qaralar"ın fanatları isə belə ağır gündə tribunalarda yerini alıb, komandalarına dəstək göstərə bilmədilər.
Buna onların arasında içkili şəxslərin olması səbəb olub. Bir neçə nəfərin arenaya buraxılmamasına etiraz olaraq "FORZA Neftçi" azarkeş qrupu bütünlüklə matça baxmaqdan imtina ediblər.
Bakıdan gedən tərəfdarların bu məsələdə birbaşa meydan sahiblərinin rəhbərliyini qınayıblar. Qadağanı özlərinə qarşı süni maneə kimi dəyərləndiriblər.
Amma mövzü ilə bağlı sorğumuza cavab olaraq saytımıza açıqlama verən qərb təmsilçisinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev iddialarla razılaşmayıb:
"Çox təəssüf edirik ki, uzaq məsafə qət edərək Tovuza gələn sadiq "Neftçi" azarkeşləri stadiona buraxılmadı.
Təkcə "Neftçi" yox, digər Premyer Liqa klublarına və azarkeşlərinə qarşı necə qonaqpərvər olduğumuzu hər kəs yaxşı bilir.
Bütün görüşlərdə onların qarşılanması, arenaya buraxılması yüksək səviyyədə olub. Sadəcə, bu dəfə öz vəzifələrin yerinə yetirən polis əməkdaşları yoxlama zamanı içkili fanatlar olduğunu aşkarladı.
Şəxsən mən özüm, oyunun AFFA nümayəndəsi Rüfət müəllim də məsələnin həlli üçün cəhdlər etdik. Asayışı qoruyan əməkdaşların qərarı belə oldu ki, içkili şəxslərdən başqa hər kəs rahat tribunada yerlərin ala bilər.
Amma onlar bir yerdə gəldiklərini və belə olan halda heç birinin stadiona girməyəcəyi barədə qərar verdilər. Bir daha bildirirəm ki, belə halın baş verməsinə təəssüf edirik".
XANOĞLAN / SPORTİNFO.AZ

