“Sumqayıt”a olan borcu qaytarmağın vaxtıdır

25 Aprel 2023 22:20 Azarkeş 1 160
“Sumqayıt”a olan borcu qaytarmağın vaxtıdır

"Sumqayıt" Futbol Klubunun rəsmi fanklubu olan "Kimyaçı" azarkeş qrupu son oyunlardakı nəticələrlə əlaqədar komanda üzvlərinə çağırış mesajı ünvanlayıb. Çağırış mesajını diqqətinizə çatdırırıq:

“Sumqayıt” Futbol Klubunun fanklubu olaraq bu qeydləri aparmğı özümüzə borc bildik. Premyer Liqanın 31-ci turunda “Kapital Bank Arena”da “Qəbələ” ilə baş tutan qarşılaşmada son dəqiqə qolu ilə məğlub olduq. Halbuki, hər kəs dərk edirdi ki, bu qələbə bizə nə qədər vacib idi. Bu futboldur, bu idman növündə belə qarşılaşmalar hər zaman olur. Narazı və razı qaldığımız kifayət qədər səbəblər var. Amma bu müraciəti kimisə tənqid və tərif üçün yazmırıq.

Sadəcə, burdan futbolçularımıza səslənirik. Biz azarkeş qrupu olaraq daim komandamızın, baş məşqçimizin və Sizlərin arxasında olmuşuq, bundan sonra da olacağımıza söz veririk.

Fikirlərimizin ümumi olaraq komandaya çatdırmasının faydalı olacağını nəzərə alaraq burdan bütün FUTBOLÇULARIMIZA səslənirik:

Əsas istəyimiz odur ki, futbolçularımız məsluliyyəti tam dərk etsinlər. Artıq bundan sonrakı oyunlarda səhv etməyə, ən əsası da Siz futbolçuların haqqı yoxdur. Yarımmilyonluq bir şəhərin klubunun taleyi Sizlərin əllərindədir.

Ən başda kapitanlar - Vurğun Hüseynov və Vüqar Mustafayev olmaqla bütün futbolçular birləşib növbəti oyunları çıxarmağa borcludurlar. Bu klub həqiqətən, heyətdə yer alan futbolçular üçün çox şey edib. İndi birləşmək, toparlanmaq zamanıdır. Bir şəhər, bir klub üçün lazım gələrsə imkansızı etməyə borclusunuz.

“Qəbələ” ilə oyunda vermədiyi ötürməyə görə tənqid olunan Vüsal İsgəndərli, klubumuzun akademiyasında yetişən bu səviyyəyə gəlib çatmağı bacaran Səbuhi, Rüfət, Süleyman, bu şəhərin komandasından Azərbaycan millisinə kimi yüksəlmiş Aydın Bayramov, Elvin Bədəlov, Murad Xaçayev, bütün oyunlarda əlindən gələn hər şeyi edən Murata Musaki, Karim Abubakar, son qarşılaşmalarda oyunu ilə rəğbət qazanan İlnur Vəliyev, “Turan Tovuz”la görüşdə 2 qol vurub komandamıza qələbə gətirən Kamran Əliyev, fərqli ölkələrdən olan Stiven Perreyra, Terens Tisdell, Todor Todoroski və Dieqo Karioka sözümüz Sizlərədir.

“İndi toparlanmaq zamanıdır, bu şəhərə, bu komandaya olan borcu qaytarmağın zamanıdır. Hər oyun bizlər üçün finala bərabərdir, gəlin birlikdə bu məsuliyyəti dərk edək. Hər oyuna final gözü ilə baxaq, bizlər də arxanızdayıq. Bu azarkeşin haqqıdır nəticəyə, qələbələrə sevinməkdir. Növbəti oyunlarda qazanılan uğurlu nəticələrə çox ehtiyacımız var. İnamımız sonsuzdur, sadəcə olaraq məsuliyyəti dərk edək”

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!