“Sabah” Premyer Liqanın 30-cu turunda “Qarabağ”la üz-üzə gəldi.
Masazırda baş tutan qarşılaşma meydan sahiblərinin ağdamlılar üzərində ilk qələbəsi kimi tarixə düşdü – 2:1.
“Sabah” rəhbərliyi qarşılaşmanın gedişində həm də atdığı nəcib addımla yadda qalıb.
Belə ki, klub rəsmiləri müqəddəs Ramazan ayı olmasını nəzərə alaraq, arenaya cəm olan 7000 nəfərə yaxın tamaşaçının hər birinə iftar üçün su və xurma paylayıb.
Kifayət qədər çətin görünən prosesdə əziyyəti keçən hər kəsə, sadəcə alqış düşür.
Amma matçın final fitindən sonra yaşananlar haqqlı olaraq “Sabah” tərəfini bir xeyli məyus edib.
Söhbət qonaqların “Qarabağ Ordu” azarkeş qrupunun üzvlərinin paltardəyişmə otağına gedən “Sabah”lı futbolçulara iftar üçün paylanan su butulkalarını atmasından gedir.
Axı meydan sahiblərinin bütün azarkeşlərə su paylamaqda niyyəti həmin su ilə iftar etməyə hesablanmışdı.
Görünür, “Köhlən atlar”ın bəzi fanatları məğlubiyyət fonunda hətta mənəvi məsəlləri də arxa plana atıblar.
Amma futbolda qələbə olduğu kimi, məğlubiyyət də qaçılmazdır. Gərək onu da qəbul etməyi bacarasan.
Məncə, layiqli qələbə qazanan rəqibə iftar üçün verilən su butulkasını atmaq yox, alqışlamaq daha çox yaraşardı. Elə “Qarabağ” azarkeşlərinə də.
XANOĞLAN / SPORTİNFO.AZ

