Azərbaycan futbolunun əsas problemlərindən biri də tribunalara az sayda azarkeşin gəlməsidir.
Bəzən futbolçuların qohum-əqrəbasından başqa kimsənin olmadığı oyunlara da şahidlik etmək olar.
Xüsusi ilə paytaxt klublarının azarkeş problemi özünü qabarıq göstərir. Hətta ölkənin ən köklü klubu olan "Neftçi"nin oyununda belə mənzərə ürəkaçan deyil.
Məsələn, "Zirə"nin son ev oyununa 350, "Səbail"in isə 500 azarkeş gəlib.
Bayıl təmsilçisinin bu mövsüm 120 azarkeş qarşısında oynadığı oyun da olub. Maksimum 1200 nəfərin cəm olduğu qarşılaşma isə "Neftçi" ilə görüşə təsadüf edir. "Qarabağ"la oyuna bu qədər də gəlməyib - 800 nəfər.
Bundan çıxış yolu varmı? Əlbəttə! Hətta nümunəsi var.
Söhbət paytaxtın digər təmsilçisi "Sabah"dan gedir.
"Zirə" və "Səbail" kimi gənc komandalarımızdan olan Masazır təmsilçisi bu il azarkeş sarıdan bəlkə də ən az əziyyət çəkən komandadır.
Çempionluq mübarizəsi apardıqları "Qarabağ"la mövsümdəki ilk oyunlarına 10000 min tərəfdar gəlmişdisə, ikinci qarşılaşmada say 7000 idi.
Digər rəqiblərlə görüşlərdə isə ortalama 1500-2000 arası azarkeş "Bank Respublika arena"ya cəm olur.
Əgər rəhbərliyin futbola yanaşması dəyişməsə, nəticələr stabilliyin saxlasa, yəqin ki, zaman keçdikcə say daha da çoxalacaq.
Komanda bunu öz əməyinin nəticəsi ilə bacarıb. Ardıcıl uğursuz mövsümlərdən sonra Murad Musayev baş məşqçi gətirildi. Heyətə sanballı əcnəbilər transfer olundu. Yaxşı oyunla bərabər nəticə də var.
Sabah üçün planlar da yox deyil. Bir sözlə, bu gün klub kor-koranə idarə olunmur. İlk illərdə olan boşluqlar sanki təcrübə qazandıqca aradan qaldırılıb.
Və bütün bunları azarkeş yaxşı görür. Ümumiyyətlə, azarkeş+oyun münasibətləri bazardakı satıcı+satılan mal münasibətləri kimidir. Yaxşı məhsul azarkeş sayına mütləq müsbət təsir edir.
Bundan əlavə komandanın azarkeş qrupunu da xüsusi qeyd etmək lazımdır.
Daha çox tələbələrdən ibarət olan üzvlər davamlı təbliğatla məşğuldurlar. Klub+azarkeş arasında komnukasiya üst səviyyədədir. Hər oyundan öncə qarşılaşma ilə bağlı elanlar Masazır və ətrafdakı yaşayış yerlərinə paylanır.
Ümid edək ki, proses eyni sürətlə davam edəcək. Təbii ki, bundan təkcə "Sabah" yox, həm də Azərbaycan futbolu qazanmış olacaq. Digər paytaxt klubları da hazır nümunədən fərqlənə bilərlər. Əgər problemin həllindən maraqları varsa....
XANOĞLAN İMANOV

