Qış fasiləsində “Araz-Naxçıvan”ın “sükanı” arxasına keçən Andrey Demçenko gürcü hənkarı Kaxaber Tsxadadzeni xatırladır.
İkili – Rusiya və Ukrayna vətəndaşlığını daşıyan Demçenko komandasının oyunlarını sakit izləyə bilmir.
90 dəqiqə boyunca danışır, qışqırır, iradlar bildirir, yeri gələndə rus dilində təhqirlərə yol verir.
Hətta “Karvan-Yevlax” üzərində 2:1 hesablı qələbə qazanılan qarşılaşmanın gedişində baş məşqçi əvəzlənərək meydanı tərk edən Bu-Muaka Simakalaya kəskin etirazlarını bildirincə, almaniyalı forvard dözməyib ona cavab qaytardı.
Baş məşqçilərin oyunboyu narazılıq etməsi, hər imkanda futbolçuları günahlandırması oyunçular tərəfindən xoş qarşılanmır. Bəzən reaksiya verənlər tapılsa da, bir çoxu səbr nümayiş etdirir.
“Araz-Naxçıvan”ın braziliyalı müdafiəçisi Bruno Franko Sportinfo.az-ın məsələ ilə bağlı sualına bu cür cavab verib:
“Təbii ki, heç bir futbolçunu bunu xoşlamır. Amma bir şeyi unutmayaq, bu halla dünyanın hər yerində rastlaşmaq mümkündür.
Braziliyadakı vəziyyət 10 dəfə pisdir. Düzdür, bütün məşqçilər yox, lakin elələri var ki, dayanmadan danışır, qışqırır.
Vaxtilə bunları görmüşəm, yaşamışam. Ona görə də mənim üçün heç bir problem yoxdur.
Meydana ayaq basdımsa bütün diqqətimi oyunuma yönəldirəm. Top dalınca qaça-qaça fikrin kənarda qalsa, heç nə edə bilməyəcəksən”.
HƏBİB

