Qazaxıstsandan ayrılan baş məşqçi Azərbaycanda hər ay nə qədər pul qazanacaq?

14:00 Araz-Naxçıvan 291
Qazaxıstsandan ayrılan baş məşqçi Azərbaycanda hər ay nə qədər pul qazanacaq?

«Araz-Naxçıvan»ın baş məşqçi postuna təyin etməyə hazırlaşdığı Andrey Demçenkoya ödəmək istədiyi məbləğ məlum olub.

Dekabrın ilk yarısında «Jenis»dən ayrılmış mütəxəssis burada keçirəcəyi 6 ay ərzində 10000 dollar civarında əməkhaqqı alacaq.

Müqayisə edəsi olsaq, bu, Elmar Baxşıyevin aldığı maaşdan azdır.

«Ağ-qırmızılar»ın keçmiş çalışdırıcısına 13 min manat məvacib verməsi barədə sosial şəbəkələrdə xəbərlər yayılsa da, bilin ki, real rəqəm başqadır.

2024-cü ilin aprelində komandanın başına keçmiş Elmar bəyin aylıq qazancı cari ilin iyun ayından etibarən artırılıb - 20 min manat həndəvərində bir məbləğdən danışmaq olar.

Bir neçə gün öncə Elmar Baxşıyevlə müqaviləyə xitam vermiş Muxtar Respublika təmsilçisi qış fasiləsində ciddi tranfser əməliyyatları həyata keçirməyəcək.

«Ağ-qırmızılar» qarşıdakı 1 ay ərzində sıralarına yeni legioner qatmayacaq. Demçenkoya bunun üçün əlavə büdcə ayrılmayıb. Ukraynalı mütəxəssis mövcud heyətlə mövsümü başa vurmağa razılaşıb.

Çünki o, komandanı avrokuboklara apara biləcəyinə inanır. «Ağ-qırmızılar»ın iyuldan bəri keçirdiyi bütün rəsmi oyunları gözdən keçirən çalışdırıcı öz rəyi ilə rəhbərliyi tanış edib.

Bildirib ki, «Araz» heyətinə görə Premyer Liqanın ən güclülərindən biridir, sadəcə, taktiki və fiziki cəhətdən düzgün hazırlıq keçməyib.

Demçenko ona qədər futbolçuların potensialından düzgün istifadə olunmadığını söyləyib.

Bununla belə, deyib ki, oyun modelini dəyişməklə və fiziki çalışmalara üstünlük verməklə, mövsümü üçüncü-dördüncü pillədə başa vurmaq mümkündür.

“Araz-Naxçıvan” hazırda 16 turdan sonra 26 xalla Azərbaycan çempionatının turnir cədvəlində altıncı yerdədir. Naxçıvan komandası növbəti oyununu 23 yanvarda “İmişli”yə qarşı keçirəcək.

Demçenkonun məşqçi kimi son iş yeri “Jenis” olub. Onun rəhbərliyi altında komanda Qazaxıstan çempionatında altıncı yeri tutub və ölkə kubokunun yarımfinalına yüksəlib.

Demçenko daha çox Ukraynadakı işi ilə tanınır. O, “Metallist 1925”i çalışdırıb.

Ölkə xaricində isə Özbəkistanda “Obod”u idarə edib,

Gürcüstanda “Dila Qori” və “Dinamo Batumi”də işləyib. Sonunculara 2023-cü ildə ölkə çempionluğunu qazandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti