
“Araz-Naxçıvan”ın Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi olan Avstriya klubu “Volfsberqer” qitənin üçüncü dərəcəli turnirində çıxış etmək istəmir.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, rəhbərlik komandanın qarşısına Avropa Liqasında mərhələ adlamaq tapşırığı qoyub.
Bu turnirin üçüncü təsnifat mərhələsində Yunanıstan PAOK-u ilə qarşılaşacaq “Volfsberqer” məğlub olarsa, Konfrans Liqasının pley-offuna düşəcək və “Araz-Naxçıvan” – “Omoniya” (Kipr) cütünün qalibinə rəqib olacaq.
Baş məşqçi Ditmar Kühbauer qısa açıqlamasında bütün diqqətlərini PAOK-la görüşlərə yönəltdiklərini bildirib:
“Məqsədimiz Avropa Liqasında irəliləməkdir. Buna görə də indi nə “Omoniya”, nə də “Araz-Naxçıvan” bizi maraqlandırmır.
Hədəf PAOK-la oyunlarda uğurlu nəticə qazanmaqdır. Yunanıstan klubu ilə matçların nəticəsindən sonra gələcək rəqib barədə danışmaq olar”.
Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 21-də və 28-də keçiriləcək.