İlkin Fikrətoğlu: "Araz-Naxçıvan" lağlağı obyekti deyil" - VİDEO

5 Avqust 16:40 Araz-Naxçıvan 620
İlkin Fikrətoğlu: "Araz-Naxçıvan" lağlağı obyekti deyil" - VİDEO

58 yaşlı “Araz-Naxçıvan” Avropada “siftə” eləyirdi.

Rəqib tarixi də, avrokubok təcrübəsi də daha çox olan Yunanıstan “Aris”i idi.

Bakıdakı oyunda 1:2 hesablı məğlubiyyət yunanlara ilk şok oldu.

Həmin oyundan sonra “Aris”in baş məşqisi Marinos Uzunidisin “Salonikidə tam fərqli oyun olacaq, görəcəksiz” mesajı ilə Məşədi İbadın o məşhur sözünü yadıma salmışdı: “Yaxşı, Əsgər, mən sənə göstərərəm!”.

Amma Marinos Ouzoninidisin komandassı Salonikidə də xüsusi nəsə ortaya qoymadı.

Əksər yunan klublarıyla oyunlarda gördüyümüz azarkeşlik tərbiyəsizliyi, futbolçuların “qan-qan” deməsi bu görüşdə də yaşandı.

111 yaşlı klub Avropaya ilk dəfə çıxan “Araz-Naxçıvan”a məğlubiyyəti hec cürə həzm edə bilmirdi. “Aris”in bir oyunçusu Bakıdakı matçdan sonra demişdi ki: “Araz-Naxçıvan” meydanda nə edirdisə, alınırdı, bizdə isə hec nə alınmırdı”.

Bunu Bakıdakı görüşdən sonra demişdilər. Salonikidə onlarda yenə alınmadı. El arasında deyildiyi kimi, sanki “Aris”ə it dəymişdi.

Sözgəlişi demirəm ha, sözün əsl mənasında “Araz-Naxçıvan”la oyundan əvvəl Salonikidə kücə itlərindən biri “Aris”in ən dəyərli legionerlərindən sayılan, 20 gün əvvəl “Selta Viqo”dan transfer olunan Karles Peresi deyilməsi ayıb olan yerindən dişləyərək xəstəxanalıq edib.

Bu yunan iti rəqibin əsas oyunçularından birini “zərərsizləşdirməklə” bəlkə cüzi də olsa, “Araz Naxçıvan”ın qələbəsinə kömək etdi.

Bizim el məsəli var: “Əri döymüş arvadı it də bir yandan qapdı”.

Burada isə əksinə oldu, “it qapan “Aris”i “Araz-Naxçıvan” da bir yandan “döydü”.

Elmar Baxşıyevi təbrik edirəm! Avropada məşqçi kimi ilk dəfə mərhələ adladı. Futbolçuları da ən gözəl sözlərə layiqdir.

O cür təzyiqin qarşısında duruş gətirib, lazımi nəticəni qazandılar.

“Neftçi” ilə müqavilə bağlayan, “Araz-Naxçıvan”da son matçına çıxan İqor Ribeyro qırmızı vərəqə almasaydı, yəqin ki, bizimkilər oyunu qalibiyyətlə bitirəcəkdi. Amma əsas növbəti mərhələdə olmaqdır.

Yunanlarla “savaş” isə hələ bitməyib. İndi də “Omoniya” gəlir.

Ötən il Konfrans Liqasının pley-offunda “Zirə”yə 6 cavabsız qol vuran bu Kipr klubu 2 il əvvəl elə həmin bu Elmar Baxşıyevin “Qəbələ”sini də hər iki oyunda məğlub etmişdi.

Azərbaycan klublarından yalnız “Qarabağ” “Omoniya”ya 4:1 qələbə ilə “dərs” verib. Naxçıvan təmsilçisinin “Omoniya” ilə ilk duel üçün 3 cəzalı oyunçusu var.

Yaxşı ki, ilk qarşılaşma Bakıdadır. “Aris”lə matçda Mərdəkana getməyə ərinənlər, gördüz ki. “Araz-Naxçıvan” lağlağı obyekti deyil, futbolu da pis oynamır.

“Aris”lə oyundakı mübarizliyi dəyərləndirək və avqustun 7-də onsuz da, elə böyük olmayan Mərdəkan stadionunu dolduraq!

Bu, azarkeşin “Araz-Naxçıvan”a təşəkkürü olar. Onsuz da, “ev” üzü görmürlər, milli çempionat, Avropa bütün oyunlarını sanki səfərdə oynayırlar.

Barı, “Omoniya” ilə ağır qarşılşamada kluba stadiondan dəstək olaq.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 23:40 “Bu, məni qorxutmur”
5 Avqust 17:30 Çək və bizə göndər!