
İyulun son günündə “Aris”in qonağı olan “Araz-Naxçıvan”ın səfər planına aydınlıq gəlib.
Konfrans Liqasındakı təmsilçimiz oyundan iki gün əvvəl vətəni tərk edəcək.
Naxçıvanlılar iyulun 28-dən 29-na keçən gecə yola düşəcək. Lakin çarter reysi ilə yox, tranzit xətti ilə. Klub rəhbərliyi maliyyəyə qənaət etmək məqsədi ilə daha az xərc tələb edən yolu seçib.
Nümayəndə heyəti Bakıdan Afinaya yollanacaq, paytaxtdan Salonikiyə uçacaq. Yerli vaxtla iyulun 29-u saat 10:35-də mənzil başına çatacaq təmsilçimizin Salonikidə planları haqda daha sonra məlumat veriləcək.
Azərbaycanlı qonaqlar Salonikidəki “September” otelində məskunlaşacaq.
“Araz-Naxçıvan”la “Aris” arasında ötən cümə axşamı baş tutan ilk qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatmışdı.
İyulun 31-də keçiriləcək cavab oyunu “Kleantis Vikelidis” stadionunda baş tutacaq və Bakı vaxtı ilə 22:15-də start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ