Avropa Liqasında Sofiya ÇSKA-sına uduzmaqla Konfrans Liqasına yuvarlanan “Qarabağ” 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə münasibətlərinə aydınlıq gətirəcək.
“Köhlən atlar”ın əsas mərhələyə yüksələcəyinə inanların sayı deyil. Nikbin proqnoz verənlərin böyük əksəriyyəti fikrini “Dinamo”nun əvvəlki gücündən və əzəmətindən uzaq düşməsi ilə əlaqələndirir.
Vaxtilə Çempionlar Liqasının qrup mərhələsinin mütəmadi iştirakçısı olan, 2014/15 mövsümündə 1/8 final mərhələsinə qədər irəliləyən Ukrayna nəhəngi xeyli vaxtdır əziyyət çəkir.
“Ağ-göylər” Çempionlar Liqasının qrup mərhələsini sonuncu dəfə 2021/22 mövsümündə görüb. Daha doğrusu, birbaşa mübarizə imkanı qazanıb.
Elə geriləmə də o vaxtdan başlayıb. Son 4 ildə iki dəfə Avropa Liqasının, bir dəfə Konfrans Liqasının qrup (əsas) mərhələsinə yüksəlib, bir dəfə sonuncu turnirin pley-offunda “ilişib”.
“Dinamo” geridə qalan 4 avrokubok mövsümündə daha hansı komandalara boyun əyməyib?
İki dəfə “Fənərbağça”ya (0:2, 1:2), iki dəfə “Beşiktaş”a (2:3, 0:1) boyun əyən kiyevlilərin məğlubiyyət siyahısında əlavə 18 komandanın adı var.
Dinamo - Benfika – 0:2, 0:3
Dinamo – Renn – 1:2
Dinamo – AER Larnaka – 0:1
Dinamo – Aris – 0:1
Dinamo – Zalsburq – 0:2
Dinamo – Latsio – 0:3
Dinamo – Hoffenhaym – 0:2
Dinamo – Roma – 0:1
Dinamo – Ferentsvaroş – 0:4
Dinamo – Viktoriya Plzen – 1:2
Dinamo – Real Sosyedad – 0:3
Dinamo – Pafos – 0:1, 0:2
Dinamo – Makkabi – Təl-Əviv – 1:3
Dinamo – Kristal Pelas – 0:2
Dinamo – Samsunspor – 0:3
Dinamo – Omoniya – 0:2
Dinamo – Fiorentina – 1:2
Dinamo – PAOK – 2:3, 0:2
Statistikadan da göründüyü kimi, kiyevlilər 2022-ün yayından bu yana 20 fərqli komandadan 25 məğlubiyyət alıb.
Ötən mövsüm mübarizəyə Çempionlar Liqasında başlayıb 3-cü təsnifatda “Pafos”a uduzmaqla Avropa Liqasının pley-offuna yuvarlanıb. Burada qarşısını Təl-Əviv “Makkabi”si kəsərək Konfrans Liqasının əsas mərhələsinə göndərib.
Konfrans Liqasının əsas mərhələsində keçirdiyi 6 oyunun 2-də “Zrinski Mostar”ı 6:0, “Noah”ı 2:0 hesabı ilə udub, qalan 4 qarşılaşmanı məğlub başa vuraraq pley-offa yüksəlmək şansını əldən verb.
Cari mövsümdə Avropa Liqasının ilk mərhələsində “Universitatya Kluj”la hər iki görüş qolsuz bərabərliklə sonuçlanıb ki, qalibin adına penalti seriyasında aydınlıq gəlib. “Dinamo” rumınlardan dəqiq oynayıb – 4:2.
2-ci təsnifat mərhələsində isə PAOK ukraynalıların qarşısını kəsib – 3:2 və 2:0.
İqor Belanov, Oleq Bloxin, Andrey Şevçenko kimi əfsanələrin oynadığı “Dinamo” əvvəlki günlərindən çox-çox uzaq düşməsi acı, bizim üçünsə sevindirici faktdır.
“Qarabağ”lılar qol vurmaq tapşırığının öhdəsindən gəlməyi bacarsa, “ağ-göylər”i keçmək mümkün olacaq.
Yeri gəlmişkən, komandada ukraynalı futbolçular çoxluq təşkil etsə də, Fransa, Nigeriya, Rumıniya, Surinam, Kolumbiya, Seneqal, Polşa, Panama kimi ölkələrdən 8 legioner yer alıb.
Komandanın baş məşqçisi klubun yetirməsi, “Dinamo”nun keçmiş futbolçusu 50 yaşlı İqor Kostyukdur.
Komandalar arasında ilk oyun avqustun 6-da Polşada, cavab qarşılaşması avqustun 13-də Bakıda baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ
