Çempionlar Liqasında iki mərhələ adlayan “Sabah” pley-offun bir addımlığındadır.
Tarixində ilk dəfə Azərbaycan çempionluğunu bayram edən təmsilçimiz 3-cü mərhələni keçmək üçün “Orhus”u mübarizədən kənarlaşdırmalıdır.
Əslində, Danimarka klubunun adı azərbaycanlı futbolsevərlər üçün elə də gur səslənmirdi. Hansısa klubun adının ağırlığı avrokuboklardakı nəticələrinə görə müəyyən olunur ki, “Orhus” bu baxımdan “axsayır”.
Sadəcə 2-ci təsnifatda öz meydanında 1:4 hesabı ilə məğlub olduğu “Lex”ə Polşada eyni hesabla qalib gəlməsi, mübarizlik sayəsində cütün taleyini penalti seriyasına qədər daşıması və burada dəqiqlik göstərərık mərhələ adlaması Orhusun eyniadlı komandası Azərbaycanda özü barədə “təhlükəli və ciddi rəqib” fikrini formalaşdırdı.
Düzdür, “Sabah”ın özü də Avropa arenalarında ciddi nəyəsə nail olmayıb. Öncəki üç mövsümün hər birində ən yaxşı halda Konfrans Liqasının 3-cü mərhələsinə qədər irəliləyib.
“Orhus”a gəlincə, avrokubokların ən parlaq dövrü 20-ci əsrə - 1967-1995-ci illərə təsadüf edir. Danimarka təmsilçisi o vaxt mövcud olan İntertoto Kubokunun daimi iştirakçılarından olub, dəfərlərlə qrup mərhələsinin həyəcanını yaşayıb.
21-ci əsrdə isə ciddi mənada heç nə ilə yadda qalmayıb. Konkretləşdirsək, 2001-ci ildən bu yana cəmi 4 dəfə avrokuboklara vəsiqə qazanıb. Bu, onların 5-ci cəhdidir.
İllərə baxsaq, 2001-ci ildə İntertoto Kubokunun 1-ci mərhələsində Sloveniya “Çelye”sinin qurbanına çevrilib – 1:0, 1:7.
2012-13 mövsümün Avropa Liqasına qatılaraq ilk cəhddə Gürcüstan “Dila”sına boyun əyib – 1:2, 1:3.
2020-21 mövsümündə koronavirus pandemiyası səbəbindən qaliblərin adı bir oyuna görə müəyyənləşirdi ki, Avropa Liqasının 1-ci raundunda Finalndiya “Honka”sını üstələyib. 2-ci təsnifat mərhələsində isə Sloveniya “Mura”sına uduzub – 0:3.
2023-24 mövsümü də uğursuzluqlar yadda qalıb. Konfrans Liqasının 2-ci təsnifatından başlayan danımarkalıların önünə “Brügge” çxııb və komandaların səviyyə fərqinin mübarizəsində belçikalıların üzü gülüb – 1:0, 0:3.
Tarix də göstərir ki, “Orhus” daş atıb başımızı tutacağımız rəqib deyil. Əsas üstünlüyü “Çeres Park”dakı qarşılaşmalarda xoş təsir bağışlamasıdır.
Avrokubok oyunlarındakı qələbələrin 80 faizinə məhz doğma meydanda nail olub. Ümumilikdə “Sabah”ın “dişinə” və “boyuna” görə rəqib olduğunu deməliyik.
Avqustun 5-də baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ
