"Zirə" məşhur almaniyalı baş məşqçini Azərbaycana gətirir

03:30 Araşdırma 178
"Zirə" məşhur almaniyalı baş məşqçini Azərbaycana gətirir

"Zirə"nin Konfrans Liqasının I təsnifat mərhələsində qarşılaşacağı "Torpedo" Gürcüstanın köklü klublarından biridir.

Sportinfo.az xəbər verir ki, Kutaisi təmsilçisi ölkə futbolunda uzun və zəngin tarixə malik, müxtəlif dövrlərdə həm daxili, həm də regional turnirlərdə uğurlar qazanmış komandadır.

"Torpedo" 1946-cı ildə yaradılıb və SSRİ dövründən etibarən Gürcüstan futbolunun tanınmış klublarından biri kimi formalaşıb.

Klub həmin illərdə SSRİ I Liqasında (səviyyəcə ikinci liqa) da uğurlu çıxışlar edib və 1960, 1961-ci illərdə turnirin qalibi adını qazanıb. Gürcüstan müstəqillik əldə etdikdən sonra isə "Torpedo" ölkə çempionatının iddialı komandalarından biri olub.

Kutaisi təmsilçisinin ən uğurlu dövrü 2000-ci ilin əvvəllərinə təsadüf edir. Klub 1999/2000, 2000/2001 və 2001/2002 mövsümlərində Gürcüstan çempionu olub. Komandanın dördüncü qızıl mükafatı isə 2017-ci ildə qeydə alınıb.

"Torpedo" 1998/1999, 2000/2001 mövsümlərində, 2016, 2018 və 2022-ci ildə isə ölkə kubokuna, 2018, 2019 və 2024-cü illərdə Superkubokuna sahib çıxıb.

"Torpedo" ev oyunlarını Kutaisi şəhərində yerləşən, veteran futbolçu Ramaz Şengeliyanın adını daşıyan stadionda keçirir. Arena 11 700 azarkeş tutumuna malikdir.

Komandanın hazırkı prezidenti David Kereselidzedir. Baş məşqçi postunda isə almaniyalı mütəxəssis Dirk Şuster çalışır. Təcrübəli məşqçi Almaniya futbolunda xüsusilə "Darmştadt" klubu ilə qazandığı uğurlarla tanınır.

Komanda hazırda davam edən Gürcüstan çempionatında 26 xalla beşinci pillədə qərarlaşıb. Kutaisi təmsilçisi lider "Rustavi"dən cəmi 6 xal az toplayıb. Klubun heyətində Serbiya, Xorvatiya, Braziliya, Almaniya, Fransa və Ukraynadan olan legionerlər çıxış edir.

Konfrans Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da baş tutacaq. "Zirə" ilk matçını evdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO