"Sabah", "Qarabağ" və "Zirə"nin avrokuboklardakı rəqibləri münasibdir.
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.
O, Azərbaycan təmsilçilərinin turnirdəki şanslarını dəyərləndirib:
"Hər 3 komandaya münasib rəqiblər düşüb və onlar keçilməlidirlər. Komandalarımızın 3-ü də favoritdir. Həm səviyyə baxımından, həm də rəqiblərlə müqayisədə çox üstündürlər".
Mütəxəssis "Sabah"ın növbəti mərhələdəki potensial rəqibləri barədə indidən narahatlıq keçirməyin doğru olmadığını diqqətə çatdırıb:
"Növbəti mərhələni indidən düşünmək bir az yanlış olar. TNS Uels çempionudur. Hər bir ölkənin çempionu sürpriz etməyə qadirdir".
E.Baxşıyev "Qarabağ"ın liqa mərhələsinə vəsiqə qazanmaq şanslarını şərh edib:
"Şansları faizlə dəyərləndirməzdim. Amma "Qarabağ"ın böyük avrokubok təcrübəsi var. Ağdam təmsilçisi avrokuboklara necə hazırlaşmağı yaxşı bilirlər".
"Sabah" Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsində Uelsin TNS klubu ilə qarşılaşacaq.
"Qarabağ" Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandası ilə üz-üzə gələcək.
"Zirə" isə Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstan təmsilçisi "Torpedo" ilə görüşəcək.

