“Qarabağ”ın menyusu - Milyonyarımlıq büdcə, 1600 nəfərlik stadion, avrokuboklarda siftə

18 İyun 23:00 Araşdırma 190
“Qarabağ”ın menyusu - Milyonyarımlıq büdcə, 1600 nəfərlik stadion, avrokuboklarda siftə

Avropa Liqasında mübarizə aparacaq “Qarabağ”ın I təsnifat mərhələsindəki rəqibinin adı məlumdur.

“Köhlən atlar” startda İslandiya təmsilçisi “Vestri” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Adı dünya futbolsevərləri üçün tanış olmayan klub təkcə Avropada yox, İslandiyanın özündə də seçilənlərdən sayılmır.

4000-ə yaxın əhalisi olan İsafyardaybayr şəhərini təmsil edən klub 1986-cı ildə “Badmintonfelaq” adı altında yaradılıb. 1988-ci ildə ad Bİ-88-ə, 2006-cı ildə “Bolunqarvik”ə çevrilib. Nəhayət, 10 il əvvəl, 2016-cı ildən etibarən turnirlərə “Vestri” kimi qatılmağa başlayıb.

İsafyardaybayr şəhərinin yerləşdiyi coğrafiyaya əsasən komandanın ləqəbi “Djüpmenn”, yəni “dərinliyin adamları”dır. Komanda ev oyunlarını 1600 azarkeş tutumu olan “Torfnesvöllur”, digər adı “Torfnes Field” stadionunda keçirir.

“Qırmızı-qaralar” fəaliyyət göstərdiyi dönəmlərdə əsasən aşağı liqalarda mübarizə aparıb. Tarixində ilk dəfə 2023-cü ilin sentyabrında pley-off qarşılaşmasında “Aftureldinq”i udaraq elitaya yüksəlib.

Cəmi 2 il Besta liqasında çıxış etdikdən sonra ötən mövsümün yekunlarına əsasən elitanı tərk edib. 12 komanda arasında 11-ci yerdə qərarlaşan “Vestri” 1-ci liqaya yuvarlanıb.

İslandiya təmsilçisi Avropa Liqasına ölkə kubokunu başı üzərinə qaldıraraq vəsiqə qazanıb. Tarixində ilk titulunu əldə etmək üçün “Vestri” ötən ilin avqustundakı həlledici qarşılaşmada sürpriz şəkildə “Valur”u 1:0 hesabı ilə üstələyib.

Kuboku qazanan heyətdə kifayət qədər dəyişikliklər yaşanıb. Təbii ki, elitada oynamış futbolçuların bəziləri aşağı dəstədə çıxış etmək istəməyərək iş yerini dəyişib.

Tarixində ilk dəfə avrokuboklarda iştirak etmək imkanı qazanan komandanın heyətində kifayət qədər legionerin olduğunu deməliyik.

Yerli oyunçularla yanaşı, Danimarka və İsveçdən olanlar çoxluq təşkil edir. Heyətdə Cənubi Afrika, Nigeriya, Seneqal, Şimali Makedoniya, Finlandiya, Braziliya, Qana kimi ölkələrdən də əcnəbilər yer alıb.

Ünlü “transfermarkt” saytında “Qarabağ”ın futbolçularının ümumi bazar dəyəri 26,10 milyon avro kimi dəyərləndirirsə, “Vestri”nin heyətindəki futbolçuların ümumi qiyməti 1,44 milyon avrodur.

“Qarabağ” ilk oyunu iluyun 9-da Bakıda, cavab qarşılaşmasını iyulun 16-da səfərdə keçirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!