Müasir futbol artıq yalnız texnika, istedad və xarakter üzərində qurulan oyun deyil.
Son illərdə dünya futbolunda oyunun tempi, intensivliyi və fiziki tələbləri ciddi şəkildə dəyişib.
Bu gün yüksək səviyyəli futbolçu təkcə topla yaxşı davranmalı deyil, eyni zamanda yüksək sürətdə qərar verməli, təzyiq altında düzgün mövqe seçməli, dəfələrlə sprint etməli, dayanmalı, istiqamət dəyişməli və bütün bunları yorğunluq fonunda keyfiyyəti itirmədən yerinə yetirməlidir.
Elmi araşdırmalar göstərir ki, peşəkar futbolçular bir oyun ərzində adətən 9–14 km məsafə qət edirlər. Bu məsafənin təxminən 5–15 faizi yüksək intensivlikli qaçışlardan ibarət olur.
Bundan əlavə, oyun ərzində futbolçu yüzlərlə fərqli hərəkət, çoxsaylı sürətlənmə, dayanma və istiqamət dəyişmə icra edir. Yəni müasir futbolda əsas məsələ yalnız “nə qədər qaçmaq” deyil, “hansı sürətdə, hansı keyfiyyətdə və hansı oyun kontekstində qaçmaqdır”.
Bu gün Avropa futbolunda fiziki hazırlıq anlayışı artıq klassik “qaçış məşqi” səviyyəsindən çox uzaqlaşıb.
Klublar futbolçunun təkcə dözümlülüyünü yox, onun yüksək intensivlikli qaçış həcmini, sprint məsafəsini, akselerasiya və deselerasiya sayını, bərpa sürətini, zədə riskini və mövqeyə uyğun fiziki profilini izləyirlər. Çünki futbolun taleyini çox zaman məhz bu qısa, amma yüksək intensivlikli epizodlar həll edir.
Azərbaycan futbolunda isə biz hələ də bir çox hallarda futbolçunu köhnə meyarlarla qiymətləndiririk: “texnikalıdır”, “istedadlıdır”, “topla yaxşı oynayır”, “xarakterlidir”.
Bunlar vacib keyfiyyətlərdir, amma müasir futbolda sual daha dərindir: bu futbolçu yüksək tempdə də eyni texniki keyfiyyəti göstərə bilirmi?
Təzyiq altında düzgün qərar verə bilirmi? 70-ci dəqiqədə də sprint edə bilirmi? Yorğun vəziyyətdə topu düzgün qəbul edib oyunun istiqamətini dəyişə bilirmi?
Əgər futbolçu aşağı tempdə yaxşı görünür, amma oyun sürətlənəndə qərar verməkdə, topu qəbul etməkdə, pressinqdən çıxmaqda və ya duel qazanmaqda çətinlik çəkirsə, bu artıq yalnız fərdi problem deyil. Bu, inkişaf sisteminin problemidir.
Bu baxımdan performans istiqaməti müasir futbolda əsas sahələrdən birinə çevrilib. Performans məşqçisi sadəcə futbolçulara qaçış verən və ya zalda güc məşqi etdirən şəxs deyil.
Bu sahə yüklənmənin idarə olunması, bərpa prosesi, zədələrin profilaktikası, sürət, güc, çeviklik, mobilite, koordinasiya, fərdi inkişaf və oyun modelinə uyğun fiziki hazırlığın qurulmasını əhatə edir.
Məsələn, zədələrin profilaktikası artıq dünya futbolunda ayrıca bir elmi istiqamət kimi qəbul olunur. FIFA 11+ proqramı ilə bağlı aparılan meta-analizlər göstərir ki, düzgün tətbiq olunan preventiv məşq proqramları futbolçularda ümumi zədə riskini təxminən 3
0–39 faiz azalda bilir. Bu çox ciddi rəqəmdir. Çünki zədə yalnız bir futbolçunun problemi deyil; komandanın oyun keyfiyyətinə, klubun maliyyəsinə və futbolçunun karyerasına birbaşa təsir edən faktordur.
UEFA Elite Club Injury Study araşdırmalarında da görünür ki, müasir futbolda xüsusilə hamstring, yəni arxa bud əzələsi zədələri ciddi problemə çevrilib. Son məlumatlara görə, bu tip zədələr kişi peşəkar futbolunda bütün zədələrin təxminən 24 faizini təşkil edir.
Bu isə onu göstərir ki, yüksək intensivlikli oyun, sıx təqvim, sprint yükləri və bərpa prosesinin düzgün idarə olunmaması futbolçular üçün ciddi risk yaradır.
Azərbaycan futbolunda da biz bu məsələyə daha ciddi yanaşmalıyıq. Əgər komandada mövsüm ərzində çoxlu əzələ zədələri baş verirsə, bunu yalnız “bəxtsizlik” kimi izah etmək doğru deyil.
Bəzən bu, düzgün qurulmayan hazırlıq dövrünün, zəif bərpa mədəniyyətinin, yüklənmənin nəzarətsiz verilməsinin və fərdi yanaşmanın olmamasının nəticəsidir.
Xüsusilə akademiyalarda bu mövzu daha da vacibdir. Uşaq futbolunda məqsəd yalnız həftəsonu oyunu qazanmaq olmamalıdır.
Akademiyanın əsas missiyası U-10 və ya U-12 səviyyəsində nəticə göstərmək deyil, gələcək üçün futbolçu hazırlamaqdır.
Əgər biz uşaqlara erkən yaşlardan düzgün hərəkət etməyi, bədənini idarə etməyi, koordinasiyanı, sürətlənmə və dayanma mexanikasını, balansı, mobiliteni və oyunun fiziki tələblərinə uyğunlaşmağı öyrətməsək, sonrakı yaşlarda bu boşluqları bağlamaq çox çətin olacaq.
FIFA Training Centre materiallarında da gənc futbolçular üçün atletizmin inkişafı xüsusi vurğulanır. Burada söhbət uşaqları ağır fiziki yüklə yormaqdan getmir.
Əksinə, məqsəd qısa, keyfiyyətli, 10–15 dəqiqəlik atletik bloklarla futbolçunun əsas məşqə daha hazır, daha aktiv və daha koordinasiyalı daxil olmasını təmin etməkdir. Yəni fiziki hazırlıq futbol məşqindən ayrı yox, onun keyfiyyətini artıran bir hissə kimi qurulmalıdır.
Bu gün Avropada akademiyalar artıq hər futbolçuya fərdi baxır. Mərkəz müdafiəçisi, dayaq yarımmüdafiəçisi, cinah oyunçusu və hücumçu eyni fiziki profilə malik ola bilməz.
Cinah oyunçusundan daha çox sprint, yüksək sürətli qaçış və təkrar sürətlənmə tələb olunur. Mərkəz yarımmüdafiəçisindən daha çox dözümlülük, oyun ritmini saxlamaq və qısa məsafələrdə tez-tez mövqe dəyişmək tələb olunur.
Hücumçudan isə partlayıcı sürət, duel gücü və qısa məsafədə üstünlük yaratmaq bacarığı tələb edilir.
Biz Azərbaycanda da bu düşüncəyə keçməliyik. Futbolçulara yalnız “hamı eyni məşqi etsin” prinsipi ilə yanaşmaq artıq müasir futbolun tələblərinə cavab vermir. Hər futbolçunun mövqeyi, yaş dövrü, fiziki inkişaf səviyyəsi, zədə tarixi və oyun modeli nəzərə alınmalıdır.
Bu gün Azərbaycan futbolunda tez-tez “futbolçu yetişmir” fikri səslənir. Amma məncə, sualı başqa cür qoymaq lazımdır: biz futbolçunu yetişdirən mühiti nə dərəcədə düzgün qurmuşuq? Akademiyalarda uzunmüddətli inkişaf modeli varmı?
Futbolçuların fiziki göstəriciləri sistemli şəkildə izlənilirmi? Testlər aparılırmı? Yüklənmə və bərpa prosesi qeydiyyata alınırmı? Zədələrin qarşısının alınması üçün planlı iş görülürmü? Futbolçunun fərdi inkişaf xəritəsi varmı?
Əgər bu suallara cavab yoxdursa, onda istedadlı uşaqların 16–17 yaşdan sonra itməsinə təəccüblənməməliyik. Çünki istedad təkbaşına kifayət etmir. İstedad düzgün sistem, düzgün məşq prosesi, düzgün bərpa, düzgün fiziki inkişaf və peşəkar mühitlə dəstəklənməlidir.
Müasir futbolda fərqi yalnız topa sahib olan yox, intensivliyi idarə edə bilən komandalar yaradır. Bu intensivlik isə təsadüfən yaranmır. Onun arxasında planlama, periodizasiya, testlər, monitorinq, fərdi yanaşma və performance mədəniyyəti dayanır.
Azərbaycan futbolunun inkişafı üçün əsas istiqamətlərdən biri məhz bu olmalıdır: akademiyalarda və klublarda performans düşüncəsinin formalaşdırılması. Fiziki hazırlıq, zədə profilaktikası, bərpa, fərdi inkişaf və oyun modelinə uyğun yüklənmə vahid sistem kimi qurulmalıdır.
Biz hər il eyni problemi müzakirə edirik: istedad var, amma həmin istedad peşəkar səviyyəyə qədər gəlib çıxa bilmir. Bunun səbəbi təkcə futbolçuda deyil. Səbəb çox vaxt sistemdə, mühitdə və inkişaf modelindədir.
Müasir futbol daha sürətli düşünən, daha sürətli hərəkət edən, daha dayanıqlı, daha güclü və daha hazırlıqlı futbolçular tələb edir. Azərbaycan futbolu da bu reallığı qəbul etməlidir. Əgər biz dünya futbolu ilə ayaqlaşmaq istəyiriksə, performans mədəniyyətini lüks yox, zərurət kimi qəbul etməliyik.
Tural Lətifov, fiziki hazırlıq üzrə məşqçi
Xüsusi olaraq Sportinfo.az üçün

